Hər kəsə məlumdur ki, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, əhalinin sosial-mədəni həyat səviyyəsinin yaxşılaşdırılması, təbii ehtiyatlardan səmərəli şəkildə istifadə olunma, ekoloji tarazlığın qorunub saxlanılması və s. kimi məsələ və problemlərin həlli, bu gün də dövlət-hakimiyyət orqanlarının diqqət mərkəzində saxladığı məsələlərdəndir. Ona görə də son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli şəkildə istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, təbiətin qorunması və sağlamlaşdırılması istiqamətində mühüm praktiki addımlar da atılmışdır. Bütün bunlara baxmayaraq, redaksiyamızın elektron poçtuna göndərilən foto-şəkillərə, daxil olan məlumatlara diqqət yetirdikdə bəlli olur ki, hal-hazırda bənzəri olmayan formada “ekoloji terror” Bərdə şəhəri, S. Zöhrabbəyov küçəsində yeni tikilən hotelin qarşısındakı ərazidə baş verib. Yəni, heç bir halda ekoloji tələblərə əməl olunmadan ərazidə çoxlu sayda iri gövdəli şam ağacları kəsilmiş və həmin sahədə yalnız şam ağaclarının kötük hissələri qalmışdır. Ümumi mənzərəyə diqqət yetirib belə qənaətə gəlmək olar ki, ərazidə iri gövdəli şam ağaclarının kəsilməsi hansısa işbazların maraqlarına cavab verir ki, həmin şəxslər belə bir formada addımlarını atırlar.
Faktdır ki, ağaclar hansısa dövlət əhəmiyyətli layihələr həyata keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların götürülməsi qaydası” haqqında təlimata uyğun olaraq, aidiyyatı dövlət qurumlarının rəsmi icazəsi əsasında kəsilə bilər. Bir xatırlamanı yada salq ki, illər öncə Ulu Öndər Heydər Əliyev ağacların qanunsuz kəsilməsi ilə bağlı konkret mövqeyini ortaya qoymuş və o, “Bir ağacı kəsən, sanki mənim bir qolumu kəsir” demişdi. Hətta, həmin vaxtlarda Ümummilli Lider Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə bu məsələ ilə bağlı xüsusi tapşırıqlarını da vermişdi. Vaxtilə ümummilli lider Heydər Əliyev onu da demişdi ki, “Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”. O halda sual oluna bilər ki, görəsən Bərdə şəhəri, S. Zöhrabbəyov küçəsində yeni tikilən hotelin qarşısındakı ərazidə ağacları kütləvi şəkildə kəsənlər, Ümummilli Lider Heydər Əliyevin kəlamlarını unudublarmı ki, onlar olmazın formada “ekoloji terror” törədirlər? Unutmaq olmaz ki, bir ədəd ağac təqribən 30-40 ilə əmələ gəlir və hansısa şəxs həmin ağacı şəxsi məqsədini həyata keçirmək naminə kəsirsə, deməli oksigen mənbəyini də məhv etmiş olur. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, media nümayəndələri yaşıl ağacların kəsilməsi faktlarını ictimailəşdirərkən, yerlərdə bu kimi işlərə cavabdehlik daşıyanlar problemlərin varlığına hansısa formada don geydirməyə çalışırlar. Yəni, həmin şəxslər çalışırlar ki, qol qoyduqları qanunsuzluq əməllərinə görə “sudan quru” çıxmağa çalışsınlar. Yəqin ki, baş verən bu cür qanunsuzluqlara həm Bərdə RİH Aparatı, həm də ərazi üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəyyən “don geydiriləcək”.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 259-cu maddəsi qanunsuz ağac kəsilməsi ilə bağlıdır ki, bu Məcəllənin 259.1-ə əsasən hansısa şəxs ağac və kolların qanunsuz kəsilməsi işlərini həyata keçirərsə, həmin şəxs 5000-7000 manat məbləğində cərimə cəzasına və ya 2 ilədək müddətdə islah işlərinə cəlb oluna bilər. Eyni zamanda həmin şəxsin azadlığı 2 ilədək müddətə məhdudlaşdırıla, yaxud da 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər. Odur ki, hər bir ağacın qorunması, yaşıllıqların salınması ilk növbədə, hər kəsdən vətəndaşlıq borcu tələb edir. (Atvxeber.az)
Mövzuya qayıdacağıq. Bizi izləyin.