Gəncədə yerləşən 32 saylı tam orta məktəbin idman zalı olmadığına görə, hava şəraitinə baxmayaraq dərslərin açıq havada keçirildiyi bildirilir.
DİA.AZ xəbər verir ki, bu barədə Abzas Media-ya müraciət edən valideyn Kamil Qasımov danışır.
O bildirir ki, 32 saylı məktəbdə 2 uşağı təhsil alır. Havalar soyuq olsa da, idman dərsləri məktəbin həyətində keçirilir və bu, uşaqlarının sağlamlığında problemlərə yol açır.
Valideynin sözlərinə görə, idman zalının tikintisi üçün məktəb rəhbərliyi daha üst qurumların qərar verməli olduğunu bildirir.
“Uşaqlar çox əziyyət çəkirlər. Qarşıdan da qış ayları gəlir, çöldə idman dərsləri şagirdlərin səhhətinə pis təsir edəcək. Bu, bir valideyn kimi məni narahat edir. Xahiş edirəm ki, ya idman zalının tikilməsi üçün dəstək göstərilsin, ya da dərs cədvəlindən idman dərsləri çıxarılsın”, – deyə valideyn bildirib.
Qeyd olunan məsələ ilə bağlı 32 saylı tam orta məktəblə əlaqə saxlamaq mümkün olmadı.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəb 2013-cü ildə əsaslı təmir edilib.
"Həmin zaman məktəbdə idman zalı müəyyənləşib. Hal-hazırda hava şəraiti ilə əlaqədar fiziki tərbiyə dərsləri açıq havada keçirilir".
Valideyn isə bildirir ki, məktəbdə heç vaxt idman zalı olmayıb, uşaqları həmişə yay-qış demədən bayırda fiziki tərbiyə dərsi keçiblər.
Gəncə şəhərində yerləşən 32 saylı tam orta məktəb 1936-cı ildə inşa edilib. 2014-cü ildə məktəbdə yenidənqurmadan sonra ibtidai siniflər üçün inşa edilmiş 400 yerlik tədris korpusunun açılışı olub.
Məktəbdəki yenidənqurma işlərinə nə qədər vəsaitin ayrılması ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.