Ağdam rayonundan məcburi köçkün kimi paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev – 1, mənzil – 8 ünvanda məskunlaşmış Hümbətov Rahim İbrahim oğlu redaksiyamıza müraciət edərək, qəsəbə üzrə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəcəfovu şikayət edib.
Rahim Hümbətov bildirir ki, hazırda həyat yoldaşı və iki uşağı ilə həmin ünvanda yaşayır. Əvvəllər onun özündən başqa anası və iki bacısı həmin ünvanda yaşayıb və qeydiyyatda olublar. Sonra bacıları gəlin köçüb, anası isə ayrı yerdə özünə ev alıb. Rahim evi tərk edən anasının və bacılarının qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir ki, sonrakı hüquqi prosedurlarda, imtiyazlardan istifadə etməkdə bürokratik maneələrə rast gəlməsin. Bundan ötrü MKİS rəisi E.Nəcəfova müraciət edib. Rəis ona əməliyyatın mümkünlüyünü deyib və bundan ötrü 100 (bir yüz) manat rüşvət istəyib. R.Hümbətov onun tələbi ilə razılaşıb və istədiyi pulu verib.
Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, E.Nəcəfov nə söz verdiyi işi həll eləyib, nə də Rahimin pulunu qaytarıb. Əvvəllər aldadıb hər dəfə heç olmasa yayındırıcı sözlər desə də, sonradan ümumiyyətlə telefon zənglərinə cavab verməyib. Məlum olub ki, E.Nəcəfov öz profili üzrə Masazır qəsəbəsində vəzifə təyinatı alıb.
Redaksiya olaraq, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab etmişik. //azerinfo.info//