Ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Millitv.az -ın pravda.az-a istinadla verdiyi xəbərə görə, o, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin bacış iclası mayın 4-nə təyin edilib.
Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. O, N.İsmayılovdan 5 milyon manat tələb edir. İ.Axundovun zərəri ödənilməyib. O, birinci instansiya məhkəməsinin hökmündən narazıdır. İ.Axundov da həmin hökmdən apellyasiya şikayəti verib və 5 milyon manatını tələb edir.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.
Belə ki, təqsirləndirilən şəxsin Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, Bakıda yerləşən daha bir mənzil, ailə üzvləriin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, başqa bir yaşayış evi, “Jeep Wrangler”, “Mersedes-Benz S500”, “Bentley Continental” və “Mersedes-Benz G63 AMG” markalı maşınlar müsadirə edilib.
İttiham aktına əsasən, 2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.
İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.