Naxçıvan sakini Kərim Əhmədov hazırda həbsdə olan oğlu Röyal Əhmədovun aclıq etdiyini deyir. Onun sözlərinə görə, oğlu saxlandığı 7 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyini də bu barədə yazılı şəkildə xəbərdar edib.
“Başına açılmayan oyun qalmamışdı”
Keçmiş polis əməkdaşı olan 37 yaşlı Röyal Əhmədov 9 ildir ki, həbsdədir. O, bu müddətin 5 ilini Qobustandakı qapalı həbsxanada keçirib. 2019-cu ilin dekabrında Şəki Penitensiar Müəssisəsinə köçürülüb. Təxminən ilyarımdır ki, 7 saylı cəzaçəkmə müəssisəsindədir.
“Oğluma Şəkidə zülm elədilər. Oranın rəisi Fərhad Hüseynovun işgəncələrinə görə sabun udmuşdu, dəsmal udmuşdu. Onun başına açılmayan oyun qalmamışdı. Röyal danışır ki, Ombudsman Aparatının əməkdaşlarının gözü qarşısında ağız-burnumun qanını bir-birinə qatmışdılar. O qədər məhbusun gözünün qarşısında, yanvar ayında soyuğun qılınc kimi kəsən vaxtında oğlumu bir ay çöldə üst paltarsız saxlamışdı. Oğlum nə hala qalmışdı. Onu oradan Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmişdilər, sonra da 7 saylıya gəldi…”, – ata Meydan TV-yə danışır.
Cəzaçəkmə müəssisəsinin rəisini məhkəməyə verib, iş Ali Məhkəmədədir
Onun sözlərinə görə, 7 saylı cəzaçəkmə müəssisəsində də Röyal Əhmədova xəbərdarlıq edilib ki, ona qarşı təxribat hazırlanır. Hətta bu məqsədlə məhbuslardan istifadə etməyə cəhd olunub:
“Bu yaxınlarda oradan çıxan məhbuslardan biri xəbər verdi. Ondan Röyala qarşı ərizə almaq istəyiblər. Düşünürük ki, Şəkidən qalma düşmənçiliyi davam etdirirlər. Eyni sistemdir, hamısı da bir-birinin tanışıdır”.
Kərim Əhmədov oğlu ilə Şəki Penitensiar Müəssisəsinin rəhbərliyi arasında problemin nədən qaynaqlandığı haqda da danışıb. Atası deyir ki, Röyal Əhmədov 2019-cu ilin dekabrında ora köçürüləndə onu çox nimdaş bir yerə salıblar:
“Deyib ki, “oranı təmir elətdir, normal yerdə qal”. Biz nə qədər pul göndərdik, təmir elətdirdik. Sonra oğlumu oradan başqa yerə köçürdü. Bu da oğluma acıq gəldi. Oğlum dedi ki, “ya pulumu qaytar, ya da mən orada qalacam”. Bundan sonra Röyalla düşmən oldu, onun gününü qara elədi…”.
Röyal Əhmədov Şəki Penitensiar Müəssisəsinin rəisini məhkəməyə də verib. Məhkəməyə şikayətində göstərib ki, müəssisədə qeyri-insani rəftara məruz qalır, rəis Fərhad Hüseynov vəzifə səlahiyyətlərindən sui-istifadə edir və s. Lakin Şəkidə məhkəmə onun şikayətini təmin etməyib. İddia olunub ki, onun göstərdiyi hallar təsdiqini tapmayıb.
Birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verməsinə baxmayaraq, bu addımı da nəticəsiz qalıb. Röyal Əhmədov Şəki Apelyasiya Məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət edib.
“Məhkəmələr ancaq məmurları müdafiə edir”
“Oğlumun aclıq etməkdə tələblərindən biri də Ali Məhkəmənin bu məsələyə həssas yanaşmasıdır. Məhkəmələr niyə ancaq məmurların mövqeyindən yanaşır məsələyə? Niyə vətəndaşın durumunu anlamaq istəmir? Məsələn, məhkəmə onlarla şahidi saya salmadı, Fərhad Hüseynovun xeyrinə qərar verdi. Halbuki, onun soyuqda, şaxtada paltarsız saxlanması məhbusların gözü qarşısında olmuşdu. Bəs hakimin insafı, vicdanı hardadı? İndi 7 saylı cəzaçəkmə müəssisəsində də oğlum şikayətlər yazmaq istəyir, məktubları göndərməyə imkan vermirlər. Röyal həm də buna etiraz edir. Həbsdə olan şəxsin azadlığı məhdudlaşdırılıb, başqa hüquqları yox. Bu adam məktub da yaza bilər, məktub da ala bilər. Bu, nə deməkdir?”- ata sorğulayır.
Penitensiar Xidmət cavab vermir
Kərim Əhmədovun səsləndirdiyi iddialar, eləcə də Röyal Əhmədovun aclıq aksiyası keçirməsi haqda dediklərilə əlaqədar Meydan TV Penitensiar Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsinə sorğu göndərib. Lakin bu qurumdan sorğuya cavab verilməyib.
1986-cı il təvəllüdlü Röyal Kərimov 2014-cü ildə həbs edilib. O, keçmiş polis əməkdaşı Şakir Orucov, Rəşad Tağıyev və Rəhim Səttarovla birlikdə mühakimə olunub. Tamah məqsədilə qəsdən adam öldürmə, quldurluq və s. əməllərdə təqsirli bilinən Naxçıvan sakini 20 il azadlıqdan məhrum edilib. Lakin o, bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
Onunla birlikdə mühakimə olunanlardam Şakir Orucov ömürlük, digərləri isə 13 il həbs cəzası alıb. //meydanTV//