Axtarış...

Xalqımız şəhid cənazələri qəbul edir – Kardiologiya İnstitutunun direktoru isə… – VİDEO


Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti kuryoz hadisə baş verib. Dünən institutun direktoru Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd edib.
Harda görünüb ki, ciddi bir elm ocağının rəhbəri, özünü professor adlandıran şəxs vəzifə təyinatının ildönümünü (?!) qeyd etsin, çələnglər (bəli, gül dəstələri deyil, məhz çələnglər!), hədiyyələr, zərflər qəbul etsin?!(Sosial şəbəkələrdə bunu əks etdirən video və fotolar yayılıb)
Ölkə rəhbəri öz ad günlərini qeyd etmədiyi, yaxud çox sadə şəkildə, xalqın arasında qeyd etdiyi halda, institut direktorunun vəzifə təyinatını təmtəraqlı şəkildə qeyd etməsini necə başa düşmək olar? Bu, hansı məntiqə sığır?
Özü də bu hadisə nə vaxt baş verir?
Ölkə üçün taleyüklü məsələlərin həll olunduğu, Qarabağda lokal antiterror tədbirlərinin keçirildiyi, Azərbaycanın az qala hər şəhərinə şəhid cənazələrinin göndərildiyi, şəhid analarının gözüyaşlı qaldığı, millətin şəhidləri dəfn etməyə səfərbər olduğu bir vaxtda! Dünyanın əksər güclərinin, beynəlxalq təşkilatların, böyük dövlətlərin Azərbaycanın üzərinə gəldiyi bu günlərdə institut direktorunun, özünü bu millətin ziyalısı sayan şəxsin belə addım atmasına nə deyəsən?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın bu addımı presedenti olmayan, elm aləmində görünməyən bir hadisə, bəlkə də bir “ilk”dir. Yəqin, o, bir alim kimi bu “yeniliyi” ilə Ginnesin “Fəxri Rekordlar Kitabına” düşməyə “layiqdir”!
O da maraqlıdır ki, Gülnaz Dadaşova bu addımı kollektivin böyük əksəriyyətinin iradəsinin ziddinə olaraq atıb. İddialara görə, kollektivin iradı, narazılığı nəzərə alınmayıb. Məhz elə buna görə də “yubiley” tədbirində direktorun yaxın ətrafı – Kardiologiya İnstitutunun baş həkimi, elmi və klinik bölmədə çalışan həkimlər, inzibati şöbənin rəhbərliyi iştirak ediblər. Bir sıra şöbə müdirləri, adlı-sanlı həkimlər isə direktorun “yubileyini” boykot ediblər.
Əldə etdiyimiz məlumata görə, məhz direktorun yarıtmaz idarəçiliyi nəticəsində Kardiologiya İnstitutunun əməkdaşlarının böyük əksəriyyəti ondan narazıdır. Bəlkə direktor təntənəli “yubiley” tədbirini elə onlardan qisas almaq üçün keçirib? Sözün düzü, bu olayın komik, yoxsa tragik olduğunu ayırd etmək çətindir. Ancaq bir məsələ dəqiqdir ki, Kardiologiya İnstitutunun direktoru belə şahşahlı tədbirləri, yubileyləri çox sevir. Əgər belə olmasaydı, o, bu yaxınlarda 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirməzdi! Elə buna görə institutda deyirlər ki, əgər həyatda olsaydı, yəqin ki, tanınmış müğənni İlhamə Quliyeva belə bu cəhətinə görə Gülnaz Dadaşovaya qibtə edərdi!
Və sonda. Görəsən, hörmətli səhiyyə naziri Teymur Musayev institut direktorunun vəzifəyə təyin olunmasının 5 illiyini qeyd etməsinə, kollektivdən bahalı hədiyyələr qəbul etməsinə necə baxır? Yəqin ki, normal. Çünki o, hələ 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirəndə institut direktoru barədə ölçü götürməli idi… Nə etmək olar, burası Azərbaycandır və biz hələ deyəsən, uzun müddət səhiyyə sistemində belə anormal hadisələrin şahidi olacağıq…
Məsələ ilə bağlı Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın mövqeyini dərc etməyə hazırıq.
My Webpage
www.cumhuriyyet.net
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz