Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qeyri-hökumət təşkilatına (QHT) 800 min manata yaxın vəsait ödəyəcək.
Komitənin elan etdiyi tenderdə “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi” İctimai Birliyi qalib olub.
Tender müqaviləsində əhalinin bərpa və yenidənqurmadan sonra doğma torpaqlarına qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulur. Bununla bağlı QHT-yə 769 085 manat vəsait ödəniləcək.
Qeyd edək ki, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 24 fevral 2014-cü ildə qeydiyyata alınıb. Birliyin qanuni təmsilçisi Dadaşov Yasin Şirin oğludur.
Yasin Dadaşov həm də təşkilatın sədridir.
Xatırladaq ki, 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində “Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində “Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
Bu mərasimin iştirakçılarından biri də Yasin Dadaşov olub. O, rəhbərlik etdiyi təşkilatı təmsil edib.
Bəzi iddialara görə isə Yasin Dadaşovun sədrlik etdiyi təşkilat millət vəkili Mahir Abbaszadəyə yaxındır. Lakin M.Abbaszadə əməkdaşımızın sorğusuna cavab olaraq həmin təşkilatın onunla heç bir əlaqəsinin olmadığını bildirib.KONKRET.az