Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Kürdəmir rayonunun Xırdapay kəndində inşa etdiyi yeni qəsəbənin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yer alıb.
Məlumatda qeyd olunur ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Kürdəmir rayonunun Xırdapay kəndində inşa etdirdiyi 563 ailəlik yeni yaşayış məhəlləsindəki yaşayış və qeyri yaşayış binalarının istismarına icazə verilir.
Qeyd edək ki, açıqlanan məlumatda “Tikintinin istismara hazırlıq aktı”nın 2020-ci ilin aprel ayında verildiyi göstərilir.
Maraqlıdır ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Kürdəmir rayonunun Xırdapay kəndində inşa etdiyi 4 mərtəbəli yaşayış binaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Fondun direktoru, millət vəkili Mahir Abbaszadənin iştirakı ilə 2019-cu ilin dekabr ayında istifadəyə verilib.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri rəhbərlik edir.