“Zaman-zaman Bakı Nəqliyyat Agentliyi barədə tənqidi fikirlərimi demişəm. Bakı paytaxtdır, yeganə aqlomerasiya olunmuş, böyük şəhərdir. Köhnə MDB məkanının beş böyük şəhərindən biridir və burada ictimai nəqliyyatla bağlı problemlərin aradan qaldırılması çox vacib məsələdir. BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin balansından alınıb, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilməsi nəyi dəyişəcək? Bu barədə söz deməkdə çətinlik çəkirəm, çünki BNA öz proqram məqsədlərini qarşıya qoymalıdır. Qurum başqa bir qurumun balansına verilməklə hansı dəyişikliyi edəcək? Bilirik ki, BNA-da heç bir kadr dəyişikliyi olmayıb. BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, amma işdə yaxşılığa doğru heç nə olmur. Bu qurum özünü təqdim etməlidir. Hansı işləri görmək istəyir? Bu qədər şikayətlər var, yəqin ki, xəbərləri olmamış deyil...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Balansı dəyişməklə ictimai nəqliyyat sahəsinə hansı yeniliklər gələcək, hansı yaxşılaşma olacaq? Şəhərətrafı ərazilərdə avtobus tapmaq mümkün deyil. Bu sahəyə büdcədən də xeyli pul ayrılır. Bizdə ümid yaratmaqdan, nəhayət, şəhər nəqliyyat təsərrüfatını qaydaya salmaqdan ötrü müəyyən işlərin görülməsi çox vacibdir. Həm Bakıda yaşayan, Bakıya gələn əhalimiz üçün, həm də xarici qonaqlar üçün çox vacibdir ki, nəqliyyat dəqiq işləsin. Vaxtilə Sovet dövründə olan tramvay, trolleybus yolları söküldü. Sonradan xeyli sayda proqramlar irəli sürüldü ki, yenidən bərpa olunacaq. Ekoloji təmiz nəqliyyata üstünlük veriləcək. Çoxdandır deyilir, amma hələ ki heç nə baş vermir. Proqramdan xəbərsizəm, BNA-nın hansısa iş görmək istəməsi barədə də hər hansı məlumat eşitməmişəm. Nə mətbuatdan, nə də vəzifəli şəxslərin dilindən. Yaxşı olar ki, BNA-nın rəhbəri mətbuat konfransı keçirə, həm öz proqramını açıqlaya, həm də sənədi ictimaiyyət üçün çap edə ki, görək bunlar nə iş görmək istəyirlər? Çünki bu, hamıya dəxli olan məsələdir”, - deputat bildirib.