Axtarış...

"Əmrullayevin dediyi Quran ayəsi deyil ki..." - HƏQİQƏTƏN DƏ...


Deyirlər, insanlar dünyaya müəyyən bir istedadla göz açır. Lakin o istedadı üzə çıxarmalı, düzgün istiqamətləndirməliyik.
Elm və təhsil naziri Emin Əmrullayev də iyunun 14-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində bildirib ki, istedadlı uşağa daha çox pul xərcləmək lazımdır:

“Ailənin maddi vəziyyətindən asılı olmayaraq həmin uşaqları vahid məktəbdə toplayıb onları rəqabətli məzmunla hazırlamaq önəmlidir. Son 7-8 ildə olimpiadalarda ən uğurlu nəticələr əldə edilib. Təxminən 15 ilə olimpiada qalibləri olan şagirdlər Azərbaycanın ən yaxşı kadrları olacaq. Bilik və bacarıqların inkişafı milli sərvətimizdir. Bundan necə istifadədən asılı olaraq ölkənin iqtisadiyyatı, sosial inkişafı da məhz bundan asılı olacaq".
Doğrudur, istedadlı uşaqları önə çəkmək gərəklidir. Sual ortaya çıxır; zəif şagird güclü şagirdlərin olduğu qrupda təhsil ala bilməz? Son illərdə dünyanın ən yaxşı təhsil sistemi dedikdə sözsüz ki, ağıla ilk olaraq Finlandiya təhsili gəlir. Kollektiv bərabərlik mühiti hər zaman Finlandiyanın əsas götürdüyü yol olub. Dünyanın ən qiymətli daşı olan almaz da cilalanmadıqda öz gözəlliyini büruzə verə bilmir. Bəlkə, zəif şagidləri də cilalamaq lazımdır?

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölküşən təhsil eksperti Kamran Əsədov deyib ki, zəif uşağa resurs xərcləyib uğurlu geri dönüş almamağımız mümkündür. Amma istedadlı şagirddən nəticə qazanmaq olar:

“Hazırda ölkə üzrə 4472 orta məktəbdə təhsil alan 1,6 milyon şagird təhsil alır. Proqramı mənimsəyənlər isə ümumi şagirdlərin 35-40 faizidir. Tutalım, bir şagird Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verir. Azərbaycan dilindən 100, riyaziyyatdan 70, ingilis dilindən isə 50 bal toplayır. Məntiqlə yanaşsaq, az bal topladığı fənndən hazırlaşmalıdır. Lakin onun Azərbaycan dilindən istedadlı olduğunu düşünüb, həmin fənni daha da gücləndirməsinə səy göstəririk.
Hamının ali təhsil alması da şərt deyil. Orta ixtisas və peşə təhsili, eyni zamanda əmək bazarına daxil olmaq prinsipləri var. Müəyyən testlər apararaq müsbət nəticələr əldə edənlərdən daha yaxşı faydalana bilərik.
Təhsil kapitaldır, onun geri dönüşü olmalıdır. İstedadlı şəxsləri xaricdə təhsil proqramına cəlb edib, sonradan biliklərindən yararlanıb geniş auditoriyaya yaya bilərik. Orta bilik və bacarıqları olan şəxslərə də dəstək verməliyik".

Təhsil üzrə ekspert Nadir İsrafilov isə onların fikri ilə razılaşmayıb. Ekspertin sözlərinə görə, orta məktəbin əsas nəticələrindən biri məhz istedadı üzə çıxarmaqdır:

“Hər kəsin subyektiv fikri var. Mənim və yaxud Emin Əmrullayevin dediyi Quran ayəsi deyil ki?!
Nümunə söyləyim; biz həmişə diqqəti 500-700 bal toplayan şagirdlərə yönləndiririk. Aşağı bal toplayanları kölgədə qalır, heç onların adını çəkən yoxdur. Niyə aşağı nəticə göstəriblər? Onları inkişaf etdirmək üçün nə edilməlidir? Mövzuya bir tərəfli yanaşmaq doğru deyil. Almaniyada texniki peşə məktəblərinin sayı ali məktəblərin sayından çoxdur. Bu ölkələr peşənin hesabına inkişaf edirlər.
İşimiz gücümüz odur ki, deyək “ bu il 600-700 bal toplayan olmadı”. Qarabağ müharibəsində 700 bal yığanlar qalib gəldi, yoxsa ingilis dilini bilənlər? Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə demişkən, “700 bal yoxdursa, dünya dağıldı?””.

N.İsrafilov deyib ki, son vaxtlar regionlarda, xüsusilə qızlar yüksək nəticə ilə xarici universitetlərə qəbul olurlar, hər biri fəxrimizdir. İstedadlıya diqqət, qayğı göstərib, gələcək karyerasının qurulmasında kömək etməliyik:
“Sovet dönəmində sosial bərabərlik var idi. Əlaçı ilə zəif şagird bir yerdə oxuyurdu rəqabət mühiti yaranırdı. İndi lisey, gimnaziya adı ilə savadlı kadrları, uşaqları bir yerə yığırlar. Gədəbəylə Tovuz kartofonun qiyməti fərqlənir. Bu da döndü ona. Bazar iqtisadiyyatı deyil ki. Ümumtəhsil məktəbidir.
Türk liseylərinin özəlliyi nə idi?! Müəllimlər və uşaqlar arasında seçim apardılar, ən yaxşılarını seçdilər. Ad da çıxartdılar. Türk liseyləri öz müəllimi ilə Binədə məktəb açsın, görək nə edir? İnklüziv təhsilə keçmişik. Finlandiyada şikəst axsaq, əlil bir yerdə oxuyur. Uşaqları bir-birindən ayırmaq olmaz.
Belə çıxır ki, kosmanovt, Bill Qeyts yetişdiririk?! Kurikulumun əsas vəzifəsi hərtərəfli, ahəngdar inkişaf edən, şəxsiyyət yönümlü vətəndaş yetişdirməliyik. İstedad onsuz da üzə çıxacaq "podderjka" (red. dəstək vermək) lazımdır. Amma bunu qabartmağın əleyhinəyəm. Biz aşağıları da yuxarı çəkməliyik”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz