Axtarış...

Bu il hansı vəzifəli şəxslər HƏBS OLUNUB? - ARAŞDIRMA


Qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə, hüquqi və fiziki şəxslər üçün qərarlar qəbul etmək hüququna malik olanlar vəzifəli şəxs hesab olunurlar. Zaman-zaman onların da öz səlahiyyətlərini aşdıqları, vəzifələrindən sui-istifadə edərək cinayət törətdikləri ilə bağlı məlumatlara rast gəlirik. Azərbaycanda belə məmurlar az deyil.

Bizim.Media bu ilin yanvarından indiyədək həbs olunan vəzifəli şəxsləri araşdırıb.

Yanvar ayında 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Vəli Məmmədov

Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib.

Ramin Mirzəyev

Yanvarın 16-da Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb. Vəzifəli şəxs barədə dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Rövşən Quliyev

Yanvarın 23-də Baş Prokurorluqla Neftçala rayon Prokurorluğu Neftçala rayonu ərazisində birgə əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyev saxlanılıb və onun işi məhkəməyə göndərilib. R. Quliyev sənədlərin saxtalaşdırılması və bir sıra ciddi qanun pozuntularında ittiham olunur. Neftçala rayon Məhkəməsinin qərarı ilə R.Quliyev barəsində martın 5-ə qədər həbs qətimkan tədbiri seçilib. Bu ilin fevralında isə bir vəzifəli şəxs azadlıqdan məhrum edilib.

Hüseyn Seyidov

Belə ki, Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. H.Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı KQMBİ-də başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Mart ayında hərbi xidmətə çağırışla bağlı rüşvət alan iki vəzifəli şəxs cinayət başında yaxalanıb.

Adil Hüseynov və Toğrul İsgəndərov

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov və həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun rüşvət alarkən iş başında yaxalanıblar.

Adil Hüseynov və Toğrul İsgəndərov barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə həbs qətimkan tədbiri seçilib.

Əli Həsənov

Aprel ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Ötən ay daha bir neçə vəzifəli şəxs həbs olunub.

Bayram Bağırov

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırov barəsində cinayət işi məhkəməyə göndərilib. Bayram Bağırov həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Zamin Həsənov və Məmməd Əliyev

İyunun 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və digər maddələrdə ittiham olunan Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi Zamin Həsənov və Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi Məmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Zamin Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalında həbs olunub. Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hafiz Əliyev

İyunun 6-da Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Əliyev Hafiz Əli oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqla Hafiz Əliyevin həmin vəzifədə işləyərkən 2019-cu ildə Bakı şəhəri ərazisindəki qəsəbələrdən birinə bələdiyyə sədri seçilməsinə köməklik göstərəcəyinə dair vətəndaşa yalan vəd verərək 90 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hafiz Əliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq dövründə vurulmuş maddi ziyandan 55 min manatın ödənilməsi təmin edilib.

İyul ayı yeni başlasa da artıq bir neçə vəzifəli şəxs cinayət məsuliyytinə cəlb olunub.

Rahim Ağayev

İyulun 5-də Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Rahim Ağayev qanunsuz əməllərinə görə ifşa olunaraq saxlanılıb. Rahim Ağayev həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 8 min manat məbləğində pul təələb edib.

Ramil Həsənov və Rəşad Rəşidli

Rahim Ağayevin saxlanılmasından bir gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri - Laçın Hərbi komissarlığının müfəttişi Ramil Həsənov və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli həbs olunub.

Savalan Rəsulov və Fərid İsmayılov

Həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində baş verən qanunsuzluqlarla bağlı da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla məlum olub ki, qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olaraq vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alıblar.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəfa Əliyev

İyulun 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Bizim.Media
Text-to-Speech

DİNLƏ






Şərh yaz