Bir çox kolbasa istehsalı ilə məşğul olan firma və şirkətlər haqqında ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti ilə bağlı istehlakçını çaşdırdığına və aldatdığına, haqsız rəqabətə yol verdiyinə görə barələrində iş qaldırılıb. Haqqında iş qaldırılan şirkətlərdən biri də dəfələrlə cəzalandırılan “Səhliyalı” Kiçik Müəssisəsi və onun “1000 bərəkət Halal Nemət“, “Səhliyalı” və “Halal 5+” markalı kolbasa-sosiasləridir.
Tribunainfo.az yazır ki, 1996-cı ildən Azərbaycanın kolbasa-sosis bazarına daxil olan “Səhliyalı” şirkətini ilk vaxtlar ancaq reklam çarxlarından tanıyırdılar. Daha sonra isə əhali bu ət məhsullarını bərbad dadına, içindən çıxan şiçan nəcisinə və iylənmiş ətinə görə tanımağa başladı. Uzun illər “halal” adı ilə fəaliyyət göstərməsinə baxmayaraq illərlə heç Qafqaz Müsəlmanları İdarəsinin də halalalıq sertifikatı vermədiyi bu müəssisənin məhsullarının hələ də bazarda qalması təəssüfləndirici haldır.
Bir neçə il əvvəl “1000 bərəkət Halal Nemət” əmtəə nişanlı sosiskadan siçan nəcisinin çıxması firmanın olan-qalan reytinqini də darmadağın elədi. Feysbukda səhifələrdə paylaşımlar, müzakirələr, şərhlər ardı-arası kəsilmədən virtualı bürüdü. Bu faktı mətbuat özündən uydurmamışdı, Kəmalə Qasımova ad-soyadlı istehlakçı “1000 bərəkət Halal Nemət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi tapmışdı. Görün indi müəssisədə necə natəmizlikdir ki, sosisin içərisindən elə şeylər çıxır.
Bu cür şikayətlər nə ilk idi, nə də son. “Səhliyalı” şirkətinə aid “1000 bərəkət Halal Nemət” markasının “ən yeni növ” məhsullarından biri də kiflənmiş kolbasası olmuşdu. Hətta bir neçə il əvvəl rəsmi “Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Rəsmi dövlət qəzetinin o zaman yazdığına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın. Sözügedən məhsullardan qəribə iy və dadın gəlməsi də bu deyilənləri təsdiq edir.
Bu yazılanlardan illər keçsə də, “Səhliyalı”nın istehsalı olan sözügedən marka sosis və kolbasalarının nə dadı dəyişib, nə də keyfiyyəti.
Çünki dəfələrlə deyilib və yazılıb ki, şirkət qoca, xəstə, südsüz heyvanların ətindən istifadə edir. Üstəlik, “1000 bərəkət Halal Nemət” nişanlı məhsulların tərkibində E 621- qlütamat və E 250 – natrium nitrit maddələri də var. Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.
Bu şirkətin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi saytında da məlumat yerləşdirilməyib.
Bir müddət qabaq şirkətin kolbasalarında nişastanın normadan artıq olduğu aşkarlanmışdı. “Səhliyalı” müəssisəsinin “Sevimli Dad” və “Halal 5+” markalı sosislərinin üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si də aşkarlanmayıb. Bu faktlara görə müəssisəyə dəfələrlə xəbərdarlıqlar edilib, haqqında iş qaldırılıb. Ancaq problem həllini tapmayıb. Sözügedən marka illərdir bazarda olsa da, özünü doğrulda bilməyib. Bu gün də sözügedən kolbasa və sosislər bazarda heç bir halda sevilməyən, qəbuledilməyən məhsullardan sayılır.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.