Axtarış...

“Ovçular” kolbasası niyə boykot edilib? – Marketlərdə satış ölüb, çünki…

“Ovçular” kolbasası niyə boykot edilib? – Marketlərdə satış ölüb, çünki…
Ölkənin qida sənayesində əhəmiyyətli payı olan kolbasa-sosis məhsullarının keyfiyyəti bu gün hava-su qədər əhali üçün vacibdir.

İstehlakçılar marketlərin vitrinlərinə göz gəzdirəndə hansı kolbasa firmasının məhsulunun daha yaxşı olduğu haqda baş sındırırlar. Çünki bu məmulat evlərimizə, ailələrimizə, xüsusən uşaqlarımıza alıb aparılır.

Ona görə kolbasa məhsullarının tərkibində nə olması bizi həmişə narahat edir. Zaman-zaman üzə çıxan faktlar, müştərilərin şikayətləri, məhsulu evə gətirəndə içindən çıxan yad cismlər də həyəcan doğurub ki, xalqa yedirilən kolbasa-sosislərin tərkibində nə var, ətin mənşəyi nədir və sair ilaxır…Bu yöndə tez-tez adı çəkilən belə firmalardan biri isə “Ovçular Ət və ət məhsulları” MMC-dir. Amma təkcə bu firma deyil, əvvəlcədən anons edək ki, kolbasa-sosis bazarı ilə bağlı növbəti yazımızda “SAB” şirkətinin məhsulları haqda məlumat verəcəyik.

“Ovçular Ət və ət məhsulları” MMC-yə gəlincə, Rublika.Az xəbər verir ki, son zamanlar “Ovçular” şirkətinə məxsus kolbasa məhsulları supermarketlərdə az gözə dəyir. Bu firmanın məmulatlarına daha çox məhəllə dükanlarında rast gəlmək olur.

Bəzi supermarketlərin satıcılarının sözlərinə görə, səbəb “Ovçular”ın rəqabətdə uduzması, bu şirkətin kolbasa-sosislərinə tələbatın azalması, müştərilərin nadir hallarda sözügedən firmanın mallarına üstünlük verməsidir.

Ona görə “Ovçular”ın məhsulları vitrinlərdə azalıb, satış səviyyəsi aşağı düşüb. Bunun səbəbi də “Ovçular”ın kolbasa məhsullarının keyfiyyətinin aşağı düşməsi ilə əlaqədardır. Nəticədə digər firmalarla müqayisədə onun məhsulları az satılır, istehlakçıların etimadını qazana bilmir.

Elə bu illər ərzində şirkətlə bağlı yayılan müxtəlif iddialar və xəbərlərə də baxmayaraq, “Ovçular” özünü toparlamaq, keyfiyyəti yaxşılaşdırmaq, reytinqini və imicini düzəltmək istiqamətində addımlar atmayıb.

Hələ 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edilmişdi.

2017-ci ildə isə “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.

Bu məlumatlar üzərindən illər ötüb, di gəl ki, şirkət reputasiyasını düzəldə bilməyib, keyfiyyət artmayıb. Ona görə marketlərin vitrinlərində son dövrlər bu firmanın məhsulları azalıb, satışı zəifləyib.

Satıcıların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus məhsullar tez yararsız hala düşürlər. Görünür, ətin keyfiyyətində problem var.

Üstəlik, ölkədə ətin kilosu 11 manat olduğu halda bir kolbasa necə 5-6 manata satışa çıxarılır? Bu, təkcə “Ovçular”a aid deyil, digər firmaların da məhsullarının mənşəyi haqda hər zaman şübhələr, iddialar meydana çıxıb.

Onu da demək yerinə düşər ki, bir neçə il qabaq İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının və “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyən olunmuşdu. Yəni, bir deyil, iki deyil, firmanın neçə ayrı-ayrı əmtəə nişanlı məhsulunun gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi ortaya çıxıb.

Ötən dövr ərzində məhsulların keyfiyyətində irəliləyiş olmadığı üçün alıcılar öz münasibətini göstəriblər – “Ovçular”ın məhsullarının satışı azalıb. Çox maraqlıdır ki, ötən il MMC-nin təsisçisi Səməd Cəfərov özü və şirkəti haqda saytlarında birində tərif yağdırıb.

Buna nə ehtiyac olması da sual doğurur. Bununla belə şirkətin məhsullarının marketlərdə satışının azalmasının başqa səbəbləri varsa, S.Cəfərovun dilindən eşitməyə və işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz