Axtarış...

Ağcabədidə Qazimiz bu şəraitdə yaşayır... - Prezidentə müraciət olundu


“Müharibəyə qədər səhhətimdən şikayətim olmayıb. Müharibə vaxtı isə dəfələrlə hospitala yerləşdirilmişəm. Ağcabədi Hərbi Komissarlığı deyir ki, biz səni müharibəyə sağlam göndərmişdik. Müdafiə Nazirliyi isə deyir ki, sən elə xəstə idin. Əgər xəstə idimsə, məni niyə müharibəyə aparırdılar?”.

Bunu Meydan TV-yə Ağcabədinin Kəhrizli kənd sakini, keçmiş döyüşçü Səyyaf Mustafa oğlu Əsədov deyir.

O bildirib ki, 44 günlük müharibə zamanı səhhətində problemlər yaranıb:

“Müharibə başlayanda döyüşlərə çağırıldım. İlk olaraq Goranboyun Goran qəsəbəsinə göndərildim. Boyum 155 santimetr, çəkim də 49 kiloqramdır. Özümdən ağır hərbi silah-sürsat gəlirdi, onları anbara daşıyırdım. Sonra da döyüş bölgəsinə göndərmək üçün təkrar maşınlara daşıyırdım. Bir həftə orada oldum. Daha sonra isə Zəngilan, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə göndərdilər”.

Səyyaf Əsədovun sözlərinə görə, müharibəyə qədər sağlamlıqla bağlı problemi, şikayəti olmayıb.

Döyüşlər zamanı ağır şəraitdə olduğu üçün vəziyyəti pisləşib:

“Müharibə vaxtı burnumdan qan gəldi, əvvəl fikir vermədim, sonradan halım pisləşdi, məni Gəncə Hərbi Hospitalına apardılar. Orada məni qəbul etmədilər. Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirdilər. Hospitalda on üç gün yatdım, həkimlər dedilər ki, talassemiyasan, tərxis olunmalısan. Lakin buna baxmayaraq, məni əvvəlcə Zəngilana daha sonra isə Qubadlı və Laçına göndərdilər. Qubadlıda halım yenidən pisləşdi, məni Füzuli Müalicə Diaqnostika Mərkəzinə apardılar. Orada dedilər ki, sən buranın xəstəsi deyilsən, Bakıya aparılmalısan. Beləcə, xəstə vəziyyətdə döyüş bölgəsində qaldım. Yalnız dekabrın 7-də prezidentin fərmanından sonra tərxis olundum”.

Səyyaf Əsədov deyir ki, tərxis olunandan sonra ona qoyulan diaqnozun yanlış olduğu ortaya çıxıb.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müayinələr zamanı keçmiş döyüşçüdə dördüncü dərəcəli qaraciyər sirrozu aşkarlanıb.

Talassemiya diqanozu qaraciyər sirrozu ilə əvəzlənib, lakin Müsafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arayışında səhhətindəki problemin müharibə vaxtı yaranmadığı qeyd edilib:

“Ağcabədi Hərbi Komissarlığı da deyir ki, mən səni sağlam göndərmişdim, orada xəstələnmisən. Biri deyir ki, sən xəstəydin, digəri də deyir ki, sağlam idin. Tək istədiyim odur ki, 27 yaşımda ölüməyimə izin verməsinlər. 44 gün vətən uğrunda döyüşmüşəm. Məni ölməyə qoymayın”.

Keçmiş döyüşçüyə qaraciyər köçürülməlidir.

“Mərkəzi Gömrük Hospitalında mənə qaraciyəri köçürülməsi məsləhət görülüb. Əməliyyatın qiyməti əlli min manatdır. Donor anamdır, lakin bizim bu qədər pulumuz yoxdur. Valideynlərim işləmir. Atam Mustafa Əsədov Birinci Qarabağ döyüşlərində ayağından bir neçə qəlpə yarası almışdı. Ona əllilik verilmədiyi üçün veteranlıqdan da imtina etmişdi. Hazırda axsaya-axsaya yeriyir. Üç nəfərdən ibarət ailə mənə veriən 80 manat veteran pulu ilə dolanır. Prezident İlham Əliyevdən mənə yardım edilməsini xahiş edirəm”, – Səyyaf Əsədov deyir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-nin məsələ ilə əlaqədar sorğusu cavablandırılmayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

“YAŞAT”dan bildirilib ki, Sərraf Əsədova əllilik verilmədiyi üçün onun əməliyyatı qarşılanmır.

Əlavə olunub ki, vətəndaşın tibbi xərcləri üçün ona 2021-ci ildə 2 500 manat, dərmanları üçün 165 manat ödənilib.

2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib.

Orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2022-ci ilin əvvəlindən salınıb. //Meydan TV//
Ağcabədidə Qazimiz bu şəraitdə yaşayır... - Prezidentə müraciət olundu


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz