“Yeni Müsavat”ın ötən saylarında “Bakıda müdhiş mənzil cinayətləri - mütəşəkkil cinayətkar dəstəni kimlər himayə edir” başlıqlı yazılardan sonra başlatdığımız jurnalist təhqiqatı yeni-yeni müəmmaları ortaya çıxarmaqda davam edir.
İnanılası deyil! 15 ildən artıq 50-nin üstündə vətəndaşın pulunu ödədiyi, lakin 2 və daha artıq vətəndaşa satılıb deyə kompleksdə dəyəri milyonlarla ölçülən 36 mənzil qeyri-müəyyən sənədli mənzillər kimi gizli şəkildə kənarda saxlanılır.
Bu mənzillərdən biri də yazılarda adı keçən S.Şirvanovaya satılan (saxta sənədlərlə satıldığı deyilən, lakin bunu hələ hüquq-mühafizə orqanları məyyən edib qiymət verməlidir - E.M) mənzildir.
Əvvəl dərc olunan yazılardan məlumdur ki, S.Şirvanova verilmiş elana əsasən bu elanı yerləşdirmiş, Səadət adlı ev alqı-satqısı ilə məşğul olan Səadətin tövsiyəsi və rəyi ilə onunla birlikdə elanda göstərilən mənzilin yerləşdiyi ünvana gedib. Səadət ona mənzil sahibinin nümayəndəsi Akim Avdiyev və göstərilən binanın komendantı Akif adlı şəxsin iştirakı ilə mənzili göstərib. Mənzil sahibinin bacısı oğlu və mənzilin əsl sahibi kimi təqdim olunan Şahinlə Səadət və Akim vasitəsilə şəxsən özü danışıb, şərtləri razılaşdırıb. Bundan sonra mənzili satanların təkidli təklifilə alqı-satqı müqaviləsi üçün Bakı şəhərində 46 nömrəli notarius ofisinə gediblər. Xüsusi notarius Tamilla Hüseynbala qızı Kərimova vasitəsi ilə müqavilə tərtib olunub təsdiqlənib. Notarius mənzil sahibinin təqdim etdiyi sənədlər əsasında müqaviləni tərtib edib və orda göstərilib ki, mənzilin ünvanı Bakı şəhəri, Xocalı küçəsi 2347-48-ci məhəllə 237 A-dır. Bundan sonra S.Şirvanova notariusda bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri olaraq 70 min manat notariusun depozit hesabına köçürüb, səhəri gün satın aldığı mənzilə gedib, binanın komendantı Akifin müşayiəti ilə mənzilin qapısını dəyişdirib və təmir başlatdırıb. Eyni zamanda komendant Akif ondan kommunal xərclər üçün 400 manat, “Əzizbəyov KM” MMC ilə bağlı sənədləşdirmələr üçün 1500 xidmət haqqı alıb. Axırıncı məsələ ilə bağlı komendant Akif evi satan X.Bağırovadan mənzilin maliyyə ödənişləri haqqında sənədlərin alınmasının lazım olduğunu bildirib. Alqı-satqıda vasitəçilik edən Səadət vasitəsilə həmin sənədlər alınıb və Akifə verilib. Akif bu sənədlərin surətini “Əzizbəyov KM” MMC-nin Hüseynbala adlı nümayəndəsinə verib. Hüseynbala S.Şirvanova ilə müqavilə sənədi bağlayıb ona imzaladıb, lakin bu zaman məlum olur ki, Xuraman Bağırova və dəstəsi eyni mənzili Bakı şəhəri, Xocalı küçəsi 2347- 48- ci məhəllə 237 ünvanı ilə Rəşad adlı şəxsə də satıblar.
Yalnız bundan sonra “aydın olub” ki, S.Şirvanovanın baxıb satın aldığı, Akifin və Hüseybalanın müşayiəti ilə giriş qapısını dəyişdirib, təmir başlatdığı mənzilin ünvanı guya 237 A yox, 237-dir. Əsl müəmma da burda meydana çıxır. S.Şirvanovanın baxıb bəyəndiyi, notarius vasitəsi ilə 237 A ünvanı ilə satın aldığı, qapısını dəyişib təmirə başlatdığı mənzilin ünvanın 237 A yox, 237 olması hansı sənədlərlə müəyyən edilir və güya ünvanının 237 A, yox 237 olduğu iddia olunan mənzil kimə məxsusdur?!
Və ciddi-ciddi bildirilir ki, konkret həmin mənzilin (ünvanın 237 ya 237A olmasından asılı olmayaraq) sahibi (fərdi kooperativ üzvü olan payçı) məlum deyil və sənədləri yoxdur! Ona görə “ciddi-ciddi bildirilir ifadəsini işlədirik ki, bu S.Şirvanovanın hüquqi xidmət barədə müqavilə bağladığı tanınmış vəkil Mirismayıl Hadinin sorğusuna “Əzizbəyov KM” MMC”-nin səlahiyyətli nümayəndəsi kimi imza atmış Qulamhüseyn Məmmədovun (yuxarıda adı keçən Qulamhüseynin) yazılı cavab sənədində əks olunub: “237 saylı mənzil mövcud olduğu halda sənədləri itirilmiş mənzillər siyahısındadır”.
Qulamhüseyn Məmmədov qeyri-rəsmi olaraq bildirir ki, mənzilin sahibi var, lakin o, son 2 ildə burda işlədiyindən həmin şəxsi görməyib. Qulamhüseyn Məmmədov mənzilin sahibi haqda deyir: “Bir qoca kişidir. Qonşuların dediyinə görə, 8-9 il bundan əvvəl görən olub”. Halbuki, həmin mənzildə son aylarda, S.Şirvanova mənzili satın alana qədər ortada ciddi təmir aparılıb, üstəlik, mənzilin son video görüntüləri satış elanlarına yerləşdirilib! Həmin mənzilə S.Şirvanova və Rəşəd adlı şəxslərdən başqa da alış məqsədilə xeyli adamlar gəlib gedib.
İnanılası deyil! 20 ilə yaxındır ki, 50-nin üstündə vətəndaş “Etalon MTK” + “Əzizbəyov KM” MMC-dən pulunu ödədiyi mənzilləri ala bilmir, lakin elə həmin binalarda 2 və daha artıq vətəndaşa satılıb deyə kompleksdə dəyəri milyonlarla ölçülən 36 mənzil qeyri-müəyyən sənədli mənzillər kimi gizli şəkildə kənarda saxlanılıb. Bu, təsdiqlənirsə, mənzil cinayətlərinin yeni bir forması ilə də rastlaşırıq. Bir mənzil 2 və daha artıq şəxsə satılmır, mənzil cinayəti ilə məşğul olanlar özləri əvvəl və ya prosesdə onu xəyali bir adamın adına sənədləşdirirlər. Yəni həqiqi pul ödəyənlərin heç birinin heç bir şansı olmur!
Haqqında yazdığımız konkret hadisə haqqında...
Deyilir ki, həmin mənzillər verilmiş rüşvətlərin haqqıdır. Sənədlər də ona görə rüşvəti alanlar tərəfindən “itirilib”.
Deyirlər ki, “Əzizbəyov KM” MMC-nin sahibi ilə maraqlanın. Sənədlərə “səlahiyyətli nümayəndə” kimi imza atan Qulamhüseyn Məmmədov formal şəxsdir, “Əzizbəyov KM” MMC-nin rəsmi və həqiqi sahibləri ilə maraqlanın, bir qadından bəhs edilir və bütün bunlar həbsxanadan idarə olunur...
Təhqiqatımız davam edir.
Musavat.com