Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində bir neçə saniyə ərzində güzəştli mənzil satışını həyata keçirməsi ilə bağlı araşdırma başlayıb.
Mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir.
Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb. Məlumata görə, artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir.
İddialara görə, xüsusi “proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup “proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar.
Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi “proqramçı”lar tutulub. Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.
Araşdırmalar davam edir.
Qeyd edək ki, MİDA tərəfindən həmin ərazidə 442 mənzil satılıb.Musavat.com