Axtarış...

"Bu maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?" - "CAHAN HOLDİNQ" VƏTƏNDAŞI MÜFLİS EDİB

"Bu maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?" - "CAHAN HOLDİNQ" VƏTƏNDAŞI MÜFLİS EDİB

Bu gün Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Xıncab kənd sakini Məşdi Vilayət oğlu Rüstəmov "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının nəzdində fəaliyyət göstərən və Naxçıvan şəhərində yerləşən "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasovun ona qarşı törətdiyi qanunsuz əməllərdən şikayətlənib.

Məşdi Rüstəmovun sözlərinə görə, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov 2018-ci ildə onun dükanını heç bir səbəb olmadan bağlayıb və nəticədə külli miqdarda ziyana məruz qalıb: "Qurban Abbasov haqsız yerə dükanımı 6 ay bağlı saxlayıb. O zaman rəhmətlik anam və mən müraciət etmədiyimiz adam qalmadı, amma yenə də dükanımı açmadı. Nəticədə külli miqdarda borca düşdüm. Onu da qeyd edim ki, dükanım bağlı olsa da, mən hər ay Həsən adlı dükan sahibinə 400 manat, bazarda pul yığan Mikayıl adlı şəxsə isə 300 manat ödəyirdim. Dükanımı bağlı saxlamaları bir yana, Qurban Abbasov mənə ordakı mallarımı belə, götürməyə imkan vermədi. Həmin ticarət mərkəzində çalışanlar bilir ki, qapını yalnız özləri açıb-bağlamaları üçün bir sistem yığıblar və buna görə də pult bizdə olsa da, qapını ancaq bazarın əməkdaşları açıb-bağlayırdılar. Məsələn, işıq söndüyündə biz onlara müraciət edir və onlar gəlib qapını açırdılar. Bir sözlə, Qurban Abbasov həm dükanımı açmağa, həm də ordakı mallarımı götürməyə imkan vermir".

Ağır şəkər xəstəsi olduğunu və "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru tərəfindən başına açılan olaydan sonra səhhətinin daha da pisləşdiyini, eyni zamanda sosial durumunun bir xeyli ağırlaşdığını vurğulayan şikayətçi bildirib ki, üzləşdiyi problemlə bağlı "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının rəhbəri Vüqar Abbasova müraciət etsə də, bunun heç bir faydası olmayıb: "Bu hadisədən sonra həm sağlıq durumum, həm də ailə və maddi vəziyyətim lap pisləşdi. Külli miqdarda borcum yarandı, xəstəliyim ağırlaşdı, bir ayın içində atamla anam dünyasını dəyişdi. Bir övladım var, onu da güc-bəla ilə dolandırıram. Borcum yarandığından oğlum 8-ci sinifdən məktəbdən ayrılıb bazarda peraşki satmaqla mənə borclarımı qaytarmağa köməklik edir. Mən də ayı 350 manata işləyirəm və qazandığımız ancaq borcları, kreditləri verməyə çatır. Yeri gəlmişkən, onu da deyim ki, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov tərəfindən başıma açılan müsibəti yoluna qoyması üçün "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasova da müraciət etdim. Lakin müraciətimə baxılmadı. Daha sonra poçt vasitəsi ilə ona məktub yolladım və holdinqin aparat rəhbəri Azər Cəfərov məni qəbul etdi. Onunla bir qədər söhbətləşdikdən sonra şəklimi çəkdi. Bunun səbəbini soruşduqda dedi ki, bunu "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasova göndərirəm. Sonra problemin həlli üşün 2 gün vaxt istədi. İki gündən sonra zəng vurub dedi ki, xəstəliyinlə bağlı sənə 1000 manat veririk, mart ayında dükan açılanda "Cahan Holdinq"in rəhbəri "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasovun etdiyi hərəkətə görə sənə hörmət edəcək. Ancaq mənə nə pul verən, nə də hörmət edən oldu. O gündən indiyədək həm Qurban Abbasova, həm də Vüqar Abbasova dəfələrlə teleqramla müraciət etmişəm, lakin bu günə kimi mənə cavab verən, problemimi həll edən yoxdur. Övladım 4-5 ildir ki, bazarda peraşki satmaqla Qurban Abbasovun əməlinə görə düşdüyüm borcu qaytarmaqda mənə yardım edir. Yazıq uşağın canı çıxır, 3-4 aydan sonra hərbi xidmətə getməlidir. Vallah, çox çıxılmaz vəziyyətdəyik. "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasovdan xahiş edirəm ki, Qurban Abbasovun mənə vurduğu ziyanı, təxminən 20 min manata yaxın vəsaiti qarşılasın və bizi bu acınacaqlı durumdan xilas etsin. Düşünürəm ki, məktublarımı ona çatdırmırlar. Əks halda Vüqar Abbasov problemi dərhal həll edər".

Məsələnin maraqlı tərəfi ondadır ki, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov yaratmış olduğu problemi həll etmək, vətəndaşa dəyən ziyanı qarşılamaq əvəzinə, idarə etdiyi bahalı avtomobili və onun nömrəsini göstərərək Məşdi Rüstəmova hədə-qorxu gəlib: "Onu da deyim ki, Qurban Abbasovla söhbət zamanı o, sürdüyü 90 - 100 dövlət nömrə nişanlı (şikayətçi avtomobilin nömrəsinin orta hərflərini yadda saxlamadığını bildirib-red.) "Range Rover" markalı avtomobili göstərərək, "Bax, görürsən mən necə maşın və hansı nömrə ilə sürürəm. Bu cür maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?", deyə hədə-qorxu gəldi. Onda əmin oldum ki, o, arxalandığı adamlara güvənərək başıma bu cür oyunlar açır. Çarəsiz qalıb bu ilin mart ayının 13-də Vüqar Abbasovun qohumu Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimovun da qəbulunda oldum və başıma açılan müsibəti ona danışdım. O, telefon nömrəmi aldı və "Deyəcəm ki, bu işi həll etsinlər" dedi, ancaq bunun da faydası olmadı. Odur ki, sizin vasitənizlə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin dövlətin müvafiq qurumlarına müraciət edərək, onlardan yardım etmələrini, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov tərəfindən mənə dəymiş ziyanın ödənilməsini təmin etmələrini xahiş edirəm".

Hurriyyet.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Howdy! Do you use Twitter? I'd like to follow you if that
would be ok. I'm absolutely enjoying your blog and look forward to new posts.



My webpage cipit88