Uzun müddət jurnalistika ilə məşğul olmuş Rüfət Seyidəhməd oğlu Əhmədzadə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb.
Millitv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, süründürməçilikdən bezdiyini bildirib.
Əhəmədzadə yazır ki, dəfələrlə mənzil problem ilə bağlı İqtisadiyyat Nazirliyinə və Əmlak Xidmətinə müraciət edib. “Bu gün Abşeronda qanuni evimizə çıxarış almağımız uzun müddətli, keşməkeşli bir mübarizəyə dönüb. Əmlak Xidmətindən deyirlər ki, Ədliyyə Nazirliyi bizə lazım olan cavabı vermir, Ədliyyə Nazirliyi Baş Notariat İdarəsindən isə deyirlər ki, biz 3 dəfə cavab vermişik, sistemdə özləri baxıb nəyi lazımdırsa öyrənə bilərlər. İndi kimin haqlı olduğunu bilmirəm, amma mənim haqsız yerə süründürməçiliyə uğradığım danılmaz həqiqətdir”.
O bildirir ki, 10 ildən çox Azərbaycan mətbuatında jurnalist və tərcüməçi kimi çıxış edib. “Son illərdə bir sıra Polşa şirkətlərilə koordinator kimi çalışdığımdan, ölkədə az olurdum və anam Gülarə Seyidağa qızı Məcidovaya məxsus qeydiyyat vəsiqəsi olan evimizin sənəddləşdirilməsi ilə bağlı 2017-ci ildən bəri yarımçıq qalan işləri davam etdirə bilmirdim. Belə ki, keçmiş jurnalist fəaliyyətimlə bağlı – Abşeron sakinlərinin şikayətlərini çox dərc etdiyimə görə, keçmiş rayon rəhbərliyi və sonradan korrupsiyaya görə həbs olunmuş baş memar Akif Əliyevlə aramda “soyuq müharibə” yaşanmış, nəticədə müxtəlif vasitələrlə evə çıxarış almağımıza süni əngəllər törədilmişdi. Bu süni əngəllər indi elə şəkildə davam edir ki, artıq Abşerondakı dövlət qurumlarının dəhlizlərində keçmişə aid kabusların hələ də dolaşdığına dair şübhələrim yaranır. Yaxud da, son zamanlar yazdığım məktublara və KİV-dəki yazılara görə, sanki məndən “mədəni qisas” alınır, şablon cavablarla süründürməçilik davam edir”.
Əhmədzadə qeyd edir ki, anası Gülarə Məcidovaya 2021-ci ildə evi satmaq üçün bir aylıq Forma-1 verilmiş, amma onun mahiyyəti barədə məlumatlı olmadığından və o zaman satmaq gərəyi duymadığından həmin sənədi evdə bir kənara qoyub. “Təbii ki, mənim də bundan xəbərim olmayıb. 2023- cü ilin yanvar ayında mənim maddi problemlərim artmağa başladı və evi sataraq, ailəliklə xaricə daşınmağa qərar verdik. Hətta xaricdən iş təklifləri də almışdım. Lakin məmur süründürməçiliyi üzündən həm o təkliflər qüvvədən düşdü, həm də borclarım və problemlərim ikiqat artdı. Bu gün evimə çıxarış da alsam, evi tələm-tələsik satsam belə, artıq borclarım 5-6 ayda o həddə çatıb ki, əlimdə birotaqlı mənzil almaq üçün də pul qalmayacaq. Buna görə isə, Abşerondakı məmurlara xüsusi “təşəkkür” düşür. Onlar rahat kabinetlərində oturub maaş alırlar, mən isə ondan-bundan borc axtarıram ki, “darıxmayın, evi satanda verəcəm”. Gülarə Məcidova Abşeron 4 saylı Ərazi İdarəsinə bu il yanvar ayında müraciət edərkən, həmin Forma 1 arayışını geri verib, bütün lazımi sənədləri təhvil verib. Evimizə aid sənədlərin saxta olmadığı da sübut və təsdiq olunub. Yenidən müraciət isə may ayında mənim tərəfimdən edilib”.
Şikayətçi vurğulayır ki, 4 saylı Abşeron Ərazi İdarəsi hələ də mənə konkret cavab vermir, nə də müraciətini rədd edir. “Sizi inandırım ki, Abşerondakı məmurlarınız məni intihar həddinə çatdırıblar və artıq “bıçağın sümüyə dirəndiyi” bir vəziyyətdəyəm. Abşeronda mənə deyirlər ki, forma-1 idarəyə geri verilməyib – bu həqiqətə uyğun deyil, yanvar ayında orijinalını bizdən alıblar. Və daha sonra deyirlər ki, biz sistemə baxıb əmin ola bilmirik ki, siz bu evi satmısınız yoxsa yox. Ədliyyə Nazirliyində isə mənə bildirirlər ki, onlara cavab verilib və bildirilib ki, reyestrdə özləri baxa bilərlər. Hətta telefonda aldığım cavab o oldu ki, 11 dövlət qurumu eyni sistemə baxa bilər və “kimsə bizə işimizi öyrədə bilməz”. Kimin yalan, kimin doğru dediyini bilmirəm, amma mənim haqqım tapdanır və müxtəlif bəhanələrlə süründürülürəm. Mən hazırda ancaq söz daşımaqla məşğulam – Xırdalandan Azadlıq Prospektinə, Azadlıq Prospektindən də Xırdalana.
Xatırladım ki, son illərdə Gülarə Məcidova tərəfindən yalnız bir əməliyyat reyestrə düşüb, o da bu ilin may ayında mənim adıma verilən etibarnamədir. Mən isə o etibarnamədən ancaq 4 Saylı Ərazi İdarəsinə müraciət edərkən istifadə etmişəm. Xahiş edirəm, bu məsələni tez bir müddətdə aydınlaşdırıb, bizim evə çıxarış ala bilməyimizə yardımçı olasınız. Bir daha vurğulayıram ki, hazırda çıxılmaz bir vəziyyətdəm və Abşerondakı məmur süründürməçiliyi məni intihar həddinə çatdırıb”.