Axtarış...

Şəmkirdə narazılıq yaradan kimlərdir? - GİLEY

Şəmkirdə narazılıq yaradan kimlərdir? - GİLEY
“Saytınız vasitəsilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova bu işdə mənə kömək edilməsi üçün müraciət edirəm. Obyekti dövlət satıb, mən də almışam. Eldar Quliyev 25 ilin deputatıdır. Hər halda onun imzasıyla obyekt satılıb”
Şəmkir rayonunun Zəyəm qəsəbəsinin sakini Yusif Vəliyev saytımızın redaksiyasına müraciət edərək, “Azərittifaq”ın sədri Eldar Quliyevin imzasıyla aldığı obyektin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə İdarəsi tərəfindən süni problemlərin yaradıldığını bildirib. Yusif Vəliyevə qurumun Şəmkir İdarəsindən bildirilib ki, obyektin sənədləşdirilməsi üçün Xalq Deputatları Sovetinin qərarını gətirsin:
“Keçən əsrin 90-cı illərindən mənə məxsus olan obyektə payçıyam. Obyekt qəsəbənin ortasında yerləşir. İyirmi ildir ki, istifadəsiz qalıb. “Azərittifaq”ın sədri Eldar Quliyevin imzasıyla satılıb, mən də almışam. Obyekt mənə məxsusdur. Keçən əsrdə obyekt şəxsi olmurdu, dövlətə məxsus olurdu. Mən də ora payçıydım.
Hazırda isə dövlətə rüsumumu ödəyib, obyekti almışam. Əvvəllər tikinti materialların satılması üçün fəaliyyətdə olub. Artıq, iyirmi ildir ki, fəaliyyətini dayandırıb. Keçən il obyekti alan gündən qara günlərim başlayıb. Dövlətə 1000 azn rüsum ödəyib almışam. Bu yaxında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə reyestr xidmətinə üz tutdum. Qeyd etdilər ki, obektə sənəd verilə bilməz. Dövlət Xidmətindən bildirilir, ki, obyektin 82-ci ildə tikilməsiylə bağlı Şəmkir Xalq Deputatları Sovetinin qərarını gətir.
Onlara bütün sənədlərimi gətirdiyimi bildirsəm də obyektə sənəd verilmir. Artıq nə sovet höküməti, nə də Xalq Deputatları Soveti yoxdur. Mən onların qərarını hardan gətirim?… Onların arxivi də yanıb. Bəs, o sənədi hardan alım?… Hər halda obyekt oğurluq olsaydı, deputat Eldar Quliyevin imzasıyla mənə satılmazdı. O zaman bildirdilər ki, ekspertiza gəlib yoxlasın. Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ekspertiza gəlib şəkilləri çəkib yoxlayıb. Ekspertizanın əməkdaşları da bildirdi ki, obyekt artıq sökülmək üzrədir. Mən isə obyekti təmir edib, insanların istifadəsinə vermək istəyirəm. Yenə də bildirilir ki, Şəmkir Xalq Deputatları Sovetinin qərarını gətir. Deyirlər ki, bizə dəxli yoxdur, hardan tapırsan, gətir ver… Onlar digər şəxlərə bu sənədi necə verdiyini soruşduğum da, bildirirlər ki, o vaxt rəhbərlik başqa olduğundan pul qarşılığında verirdik. İndi sənədi versək, elə bilərlər ki rüşvət almışıq. Bunu mənə Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirilir.
Media vasitəsilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova bu işdə mənə kömək edilməsi üçün müraciət edirəm. Obyekti dövlət satıb, mən də almışam. Eldar Quliyev 25 ilin deputatıdır. Hər halda onun imzasıyla obyekt satılıb. Dünyanın başqa ölkələrində olsaydı, bu iş üçün dövlət kredit də ayırardı. Mən kredit istəmirəm. Obyektə dövlət sənədinin verilməsindən başqa heç nə lazım deyil”.
“Azərittifaq”ın sədr müavini Fəxrəddin İsmayılov “Hürriyyət”ə müsahibəsində bildirib ki, hazırda bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət hazırlanır. O, Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə filialına gənc kadrların gəldiyini, bu baxımdan da süni problemlərin yaşandığını qeyd edib. Fəxrəddin İsmayılov vurğulayıb ki, dəfələrlə məsələnin həllinə çalışsa da bu mümkün olmayıb. Hətta, özü də bu tip məsələlərlə bağlı Reyestr Xidmətinin Şəmkir üzrə İdarəsində olub. Lakin, laqeyd münasibətlə üzləşib.
Məsələylə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qaynar xəttiylə əlaqə saxladıq. Telefonumuza cavab verən operator problemin həllində yardımçı ola bilməyəcəyini, bu baxımdan qurumun Şəmkir üzrə İdarəsiylə əlaqə saxlamağımızı məsləhət bildi. Gün ərzində dəfələrlə Şəmkir üzrə İdarəylə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, zənglərimizə cavab verilməyib.
Ölkə başçısı dəfələrlə çıxışlarında sahibkarlara süni problemlərin yaradılmamasını qeyd edib. Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin – iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.
Görünən odur ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nəzarətsiz qalan Şəmkir üzrə ərazi İdarəsi sahibkarlara süni problemlərin yaradılmasıyla məşğuldur. Belə olmasaydı, qurumun Şəmkir İdarəsindən obyektin sənədləşdirilməsi üçün tarixə qovuşan Şəmkir Xalq Deputatları Sovetinin qərarı istənilməzdi. //teref.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz