Axtarış...

Ömürlük məhkum kamera yoldaşını kibritə görə öldürübmüş - Təfərrüat


29 ildir həbsdə olan və ötən il həbsxanada kamera yoldaşını öldürən Zahidikəhriz Abbasovun cəza müddətinə daha 18 il əlavə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə bir sıra detallar məlum olub. Belə ki, onun həbsdə qətlə yetirdiyi kamera yoldaşı Oleq Abişev də ömürlük məhkum imiş. Qətl isə kibrit çöpü üstündə baş verib.

Hadisə günü Z.Abbasov siqaret çəkmək üçün kibrit tapa bilmədiyinə görə səs-küy salıb, söyüş söyməyə başlayıb. O.Abişev bu barədə ona irad tutub və nəzarətçilərə məlumat verib. Abbasov kamera yoldaşının iradına görə onu cəzalandırmaq qərarına gəlib. Onunla mübahisəyə başlayıb və üzündən bir neçə yumruq zərbəsi vurub. Daha sonra onu yerə yıxıb, otaqdakı stəkanın arxa hissəsi ilə onun başına ard-arda zərbələr vurub. Oleq Abışev həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilsə də, aldığı xəsarətlərdən ölüb.

Z.Abbasov məhkəmədə ifadə verərkən deyib ki, O.Abişevlə 2018-ci ildən eyni kamerada cəza çəkir və hadisə baş verən günədək münasibətləri normal olub:

“Mən siqaret çəkmirəm, Oleq isə çəkən olduğuna görə siqaret olmayanda əsəbiləşir, söyüş söyürdü. Həbsxananın rəisi gündəlik 10 ədəd siqaret norması təyin etsə də, o, 1 qutu çəkirdi. Hadisə günü Oleq siqaret yandırmaq üçün kibrit tapa bilmədi. Oturduğu yerdə söyüş söyməyə başladı. Mən ondan kimi söydüyünü soruşduqda cavablandırmadı. Məcbur qalıb nəzarətçini çağırdım. Məqsədim onu sakitləşdirmək və kamerada söyüş söyməsinin qarşısını almaq idi. Həm də nəzarətçiyə deyəcəkdim ki, ona kibrit verilsin. Nəzarətçi isə kibrit verməyərək nəfəsliyi örtüb getdi.

Bundan sonra Oleq məni satqınlıq etməkdə, onu “paqonlulara” satmaqda günahlandırdı, ana söyüşü söydü. Bu səbəbdən ona bir neçə yumruq vurdum. Güləş fəndi ilə qaldırıb yerə çırpdım. Başı tualetin pilləkəninə dəyib partladı, qan gəldi. Mən bundan sonra dayansam da, Oleq onun başını partlatdığım üçün otaqdakı stəkanı götürüb üstümə hücum etdi. Onun qolunu burub stəkanı əlindən aldım, baş nahiyəsinə vurdum. Həmin an nəzarətçilər gəlib məni apardılar. Oleq xəstəxanaya gedəndən 1 həftə sonra öldü. Düzgün müalicə aparılsa idi, ölməzdi. Onu öldürmək niyyətim olmayıb, peşmanam”.

Hakimlər Z.Abbasovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə təqsirli bilərək 18 il həbs cəzası verib. Zahidkəhriz Abbasov ömürlük məhkum olduğu üçün bu müddət onun cəza müddətinə fiziki olaraq hər hansı təsir etməsə də, gələcəkdə əfv sərəncamından faydalanmasının qarşısını alacaq.

Qeyd edək ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Onun qətlə yetirdiyi Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunmuşdu.

“Qafqazinfo”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz