Axtarış...

"Olympus Park" və "Elit Park Kompleksi"nin relslər üzərində tikdiyi hündürmərtəbəli binalar ciddi təhlükə yaradır - FOTOFAKT

"Olympus Park" və "Elit Park Kompleksi"nin relslər üzərində tikdiyi hündürmərtəbəli binalar ciddi təhlükə yaradır - FOTOFAKT
"Olympus Park" şirkəti tərəfindən Bakıda dəmiryolu relslərinin üzərində hündürmərtəbəli binalar inşa edilib.

Demokrat.az xəbər verir ki, sözügedən binalar Bakı şəhəri, 7-ci mikrorayon, “Dərnəgül” metrostansiyası yaxınlığından keçən dəmiryolu relslərinin 5 metrliyində tikilib.

Ərazidə yaşayan sakinlər deyir ki, sözügedən ərazidən keçən dəmiryolu relsləri ilə tezalışan və yanan maddələr daşıyan qatar vaqonları hərəkət edir.

Bu səbəbdən də həmin ərazidə salınan hündürmərtəbəli binalar təhlükəsiz zonada inşa edilməli idi.

Sözügedən ərazidə başqa tiknti şirkətləri tərəfindən də hündürmərtəbəli binalar inşa olunub. Onların sırasında "Elit Park Kompleksi" də var. Bu kompleksdə bir neçə hündürmərtəbəli bina tikilərək, sakinlərin istifadəsinə verilib. Ancaq sakinlərin özləri də etiraf edir ki, yaşadıqları binalar dəmiryolu relslərinin yaxınlığında yerləşir.

Yaranmış problemlə bağlı nə "Elit Park Kompleksi"ndən, nə də "Olympus Park" tikinti şirkətindən Demokrat.az-ın İnformasiya Sorğusuna cavab verilməyib.

"Olympus Park" şirkətindən müraciətimizə cavab olaraq bildirib ki, şirkət rəsmi olaraq sorğunu cavablandırmır:

"Şirkətimizdən email vasitəsilə ünvanlanmış suallara cavab verilmir. Xahiş edirik ki, ofisə yaxınlaşasınız".

"Olympus Park"ın ofisində isə suallarımıza cavab verən şəxs tapılmayıb.

Məsələ ilə bağlı Demokrat.az olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-dən də mövqe öyrənməyə çalışdıq.

Bildirilib ki, həmin ünvanda yerləşən dalan yolu “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında deyil:

“QSC sözügedən dalan yolu, həmçinin onun ətrafında tikintiyə icazə verilməsinə məsuliyyət daşımır. Məlumat üçün bildirək ki, dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmiryol xətlərinə deyilir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır”. //Demokrat.az//



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz