Axtarış...

İcra başçısı İlham Əliyevin saldırdığı parkı məhv edib – Bina tikdirir



Nəsimi rayonunda prezident İlham Əliyevin sərəncamı ilə müasir standartlarla yenidən qurulmuş park bərbad vəziyyətdədir.

Rəşid Behbudov prospektində yerləşən parkda aparılmış yenidənqurma və abadlıq işləri zamanı sakinlərin rahat istirahəti üçün zəruri olan bütün işlər görülüb. Yeni fəvvarələr, oturacaqlar, uşaqlar üçün oyun meydançası və s. quraşdırılıb, qazon yenilənib, ümumi mənzərəyə ürəkaçan görkəm verilib. Lakin çox təəssüf ki, park hazırda baxımsız vəziyyətdədir.

Sakinlər tərəfindən Missiya.Az-ın redaksiyasına göndərilmiş fotolardan aydın görünür ki, istirahət ocağının ərazisində bütün hovuzlar susuz qalıb, oturacaqların bəzisi yarasız hala gəlib, ətrafa ağac kötükləri atılıb. Fəvvarələrin demək olar ki, heç biri işləmir, yerə vurulan kafellər isə darmadağın olub.

Görünən odur ki, ərazidə uzun müddətdir təmizlik işləri aparılmır.Parkın ərazisində hündürmərtəbəli bina inşa olunub. Ehtimal olunur ki, parkın bərbad vəziyyətə düşməsində aparılan tikintinin böyük rolu var. Üzücü mənzərədir - dövlət əmlakı göz-görə görə məhv olur. Özü də Nəsimi rayon İcra Hakimiyyətinin gözünün önündə...

Parkın acınacaqlı vəziyyətilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov park ərazisindəki bərbad vəziyyətə görə, sakinləri günahlandırdı: "Parkda istirahət edən sakinlər, cavan uşaqlar oturacaqları, fəvvarələrdəki dekor şüşələri, kafelləri və məhəccərləri qırıblar. Biz dəfələrlə ərazidə təmir işi aparmışıq. Nəsimi rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları hər həftə park ərazisində iməclik keçirir. Ağacların diblərini və parkı təmizləyirik. Mən özüm də iştirak etmişəm. Amma sakinlər parkın ərazisini səliqəli saxlamırlar. Parkda şüşəli fəvvarə var idi. Onu sakinlər özləri qırıb. Daşla qırıblar. Məhəccərləri və oturacaqları sakinlər sındırıblar. Siz deyirsiz ki, oturacaqların qarşısında ağac kötükləri var. Ola bilsin ki, şəkillər köhnədir. Orada elə bir mənzərə yoxdur”.Anar Rəsulov park ərazisində hər hansı binanın tikilmədiyini də deyib: "Hazırda park ərazisində tikinti getmir. Mənim orada bina tikildiyindən xəbərim yoxdur. Ola bilsin ki, şəkillər köhnədir. Parkın içində elə bir tikintinin getdiyindən xəbərim yoxdur”.

Qeyd: Nəsimi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov köhnə olduğunu iddia etdiyi şəkillər avqustun 16-da çəkilib. Sadəcə Nəsimi rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verilmədiyi üçün yazını bu gün dərc etmək məcburiyyətində qaldıq.

Şəkillərə baxıb özününüz qərar verin. Hər həftə iməclik işləri aparılan parkda belə bir biabırçı vəziyyət hökm sürərmi?
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz