Hurriyyet.az-a müraciət edən Sumqayıt şəhəri, 8-ci mikrorayon, bina 29, mənzil 30 ünvanında yaşayan Rasim Əfqan oğlu Xəlilov həyat yoldaşı Fəridə Aslan qızı Xəlilovanın 2-ci qrup əlil olmasına baxmayaraq, pensiya ala bilmədiyini qeyd edib.
Şikayətçinin sözlərinə görə, həyat yoldaşının əlillik müddəti ötən ilin dekabr ayında bitib: "Onun xəstəliyi ilə əlaqədar yenidən sənədləri toplayıb Sumqayıt şəhərində yerləşən 3 saylı poliklinikaya təqdim etmişik. Onlar isə sənədləri mərkəzə göndərib, lakin keçən ay imtina cavabı gəlib. Onu da bildirim ki, həyat yoldaşım bir çox xəstəliklərdən əziyyət çəkir. Belə ki, o, ümumi şəkər xəstəsidir və bu xəstəlik bir çox fəsadlar yaradıb. Məsələn, gözlərində problemlər var. Həyat yoldaşım gün ərzində 5 dəfə insulin vurur. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində olmuşuq və ordan da rəy veriblər ki, aşağı ətraflar 6-0-70 faiz mənfidir, fəsadlar yaradır. Bundan başqa, həyat yoldaşım xroniki hipertonikdir, təzyiq xəstəsidir. Onurğası isə sağ tərəfə doğru əyridir, skalyozdur, iki tərəfli yırtıqlar da var".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiklərini deyən şikayətçi bildirib ki, adıçəkilən qurumdan şablon cavab verilib: "Belə ki, qurumun cavabında deyilir: "Yanlış və ya natamam doldurulmuşdur, tibbi müəssisəyə göndərilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur, həkimin rəyi, aparılan diaqnostik müayinələrin nəticəsi hədəf orqanlarda olan araşdırmaları təsdiq etmir". Qeyd edim ki, mən özüm də ağır formada şəkər və təzyiq xəstəsiyəm, işləmirəm, 2017-ci ildən işsiz kimi qeydiyyatdayam. Lakin indiyədək heç bir işlə təmin olunmamışam. Nə sosial ayrdım verirlər, nə də işlə təmin edirlər. Odur ki, müvafiq qurumlardan bizə yardım etmələrini, problemimizin həllində yardımçı olmalarını xahiş edirəm".