"Azərbaycanlı uşaqların müasir olması olduqca vacibdir. Bu nöqteyi-nəzərdən kimya, fizika, riyaziyyat fənninə olduğu kimi, tarixin də tədrisinə xüsusi diqqət yetirmək lazımdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, tarix fənni ilə bağlı metodik yanaşmalar köklü dəyişməlidir. Yeni texnologiyalar nəzərə alınmalı, məzmun da şagirdə maraqlı şəkildə çatdırılmalıdır. Məzmun uşaqda öyrənməyə həvəs doğurmalıdır: "Azərbaycan dərsliklərindəki tarixə aid mətnlər kifayət qədər mürəkkəbdir. Mətnlərin aydın yazılması onun bəsit yazılması demək deyil".
Nazirin tarix fənni ilə bağlı iradlarını "Şərq"ə dəyərləndirən tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı tarix fənninin tədrisi ilə bağlı daha ciddi problemin olduğunu bildirib. Professorun sözlərinə görə, əsas məsələ tarix fənninin saatlarının az olmasıdır:
"44 günlük müharibədən, yəni tarixi zəfərimizdən sonra elm və təhsil naziri Emin Əmrullayevə müraciət etdik ki, möhtəşəm qələbəmizi və qəhrəmanlıqlarımızı yeniyetmələrə, gənclərə daha yaxşı aşılamaq "Azərbaycan tarixi" fənninin saatları artırılsın.
Bildirdik ki, əvvəl bu fənnin tədrisi 120 saat olub, azalda-azalda 60 saata salıblar. 60 saatın da yarısı mühazirə, digər 30 saatı seminardır. Yəni 15 mövzu ilə ibtidai icma quruluşundan müasir dövrə qədər olan tarixi uşaqlara izah etməliyik. Ona görə təklif vermişdik ki, saatları mütləq artırmaq lazımdır. Əfsuslar ki, məktubumuza nazirliyin ümumi şöbəsinin adi bir işçisi tərəfindən mücərrəd bir cavab gəldi və heç bir nəticə olmadı. İndi yaxşı olar ki, nazir əvvəlcə tarixçilərin müraciətinə reaksiya versin".
M.Zülfüqarlı vurğulayıb ki, əgər tarixi fənninin, xüsusən Azərbaycan tarixinin şagird və tələbələrə daha yaxşı aşılanmasını istəyirlərsə, o zaman təkliflərə qulaq versinlər və saatları artırsınlar: "15 mövzu ilə bütöv tarixi öyrətmək mümkünsüzdür. Heç aşağı səviyyədə belə aşılamaq imkanımız yoxdur.
Tarixə ayrılan 60 saatlıq tədris 44 günlük müharibəni, zəfərimizi anlatmağa belə kifayət etməz. Əsas problem budur. Ümumi sözlər danışmaq əvəzinə real iş görmək lazımdır. Nazir də vətənpərvər olmalıdır, öz tarixinə həssas yanaşmalıdır. Yoxsa "metodikanı dəyişmək lazımdır" deməklə problem həll olmur. 1977-ci ildən tarix fənnini tədris edirəm və 25 ildən də artıqdır universitet müəllimiyəm.
Hər bir müəllimin öz metodikası, tədris etdiyi fənni şagirdlərə aşılama üsulu var. Təbii ki, müəllim də öz işinin peşəkarı olmalıdır ki, keçdiyi fənnin şagirdlərə, tələbələrə aşılanmasının yollarını bilsin".