Arzu Kamal oğlu Abdullayev Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Arzu Kamal oğlu Abdullayev 1987-ci ildə Ordubad rayon Üstüpü kəndində anadan olub. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix - filologiya fakültəsinin “tarix” ixtisasına qəbul olunub. 2010-cu ildə həmin fakültəni fərqlənmə ilə bitirib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsində “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisaslaşmasını fərqlənmə ilə bitirib. 2007-2010-cu illərdə elmi və ictimai fəaliyyətinə görə Heydər Əliyev təqaüdünə layiq görülüb. 2009-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri kimi çalışmışdır. 2009-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) sədr müavini olmuşdur. 2009-cu ildə ilin “Ən yaxşı tələbə gənci”, 2012-ci ildə “İlin ən yaxşı magistrantı” seçilib. 2014-2018-ci illərdə “Vətən tarixi” üzrə doktorantura təhsili alıb. Əmək fəaliyyətinə 2013-cü ildə Naxçıvan Dövlət Universitetində “Ümumi tarix” kafedrasının müəllimi kimi başlayıb. Daha sonra kafedra dəyişikliyi olaraq “Beynəlxalq münasibətlər” kafedrasında müəllim və hazırda baş müəllim kimi çalışır. 2014-2019-cu illərdə “İstedad-XXI əsr”” MMC-də direktor müavini, 2019-2021-ci illərdə icraçı direktor vəzifələrini icra edib. 2021-ci ilin mart ayından elmi-pedaqoji fəaliyyətlə yanaşı Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədridir. 4 kitabın, 6 proqramın, 40 elmi məqalənin, o cümlədən 10-a yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, 10-dan çox layihənin müəllifidir. Dövlət proqramı çərçivəsində Türkiyə, İran, Rusiya, Gürcüstan, Qətər, Çin və Cənubi Koreyada olub.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fərqləndiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin 30 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2007-ci ildən YAP-ın üzvüdür. 2018-ci ildən Jurnalistlər Birliyinin üzvüdür.
Cebhe.info