“Tovuz Konyak” klubunun sabiq direktoru Hümmətov Coşqun Vaqif oğlu Prezident İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına müraciət edib.
O, bildirir ki, “Azəri-Tikinti” MTK ona məxsus əmlakı ələ keçirib. Sahibkar deyir: “2018-ci ilin oktyabrında “Tovuz-Konyak” klubuna “Azəri-Tikinti” MTK-nın adından, keçmiş deputat Əsabil Qasımovun ən yaxın adamı kimi Azər Məmmədov adlı şəxs gəldi. (İndi Azər Məmmədov Nərimanov rayonu İcra Hakimiyyətində böyük məsləhətçi vəzifəsində işləyir.) Bildirdi ki, Nazirlər Kabinetinin göstərişinə əsasən Azadlıq prospekti və Mirəli Qaşqay küçəsi dairəsində bütün tikililər söküləcək. Onların yerində müasir çoxmərtəbəli binalar tikiləcək. Bunun dövlət layihəsi olduğunu bildirərək, müqavilə bağlamağı təklif etdi. Biz də tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb Azər adlı şəxsin təklifi ilə razılaşdıq. “Tovuz-Konyak” klubunun birinci mərtəbəsində eyni yaşayış sahəsində “Tovuz Mağara” restoranı fəaliyyət göstərirdi. “Azəri -Tikinti” MTK restoranın (85+70,7+22,3) onlara satılmasını istədi”.
İş adamı qeyd edir ki, restoranın iki çıxarışı olub: “Biri 85 kv.m-lik, digər 70,7 kv.m-lik sahə üçün. 85 kv.m-lik sahə üçün olan “kupça” “Bank Standart”ın girovunda olduğu üçün alqı-satqısını həyata keçirə bilmədim. Ona görə də digər hissəsini 328 min manata satdım”.
Sahibkar bundan sonra digər hissəni girovluqdan çıxarıb. Lakin məlum olub ki, “Azəri-Tikinti” artıq obyekti söküb: “Həmin hissənin “kupçası”nı “Azəri-Tikinti”yə təqdim edəndə obyektin qeyri-qanunu uçurulduğunu gördüm. Onlar isə iddia edirlər ki, belə bir yer ümumiyyətlə olmayıb və guya “kupça” da saxtadır”.
C.Hümmətov məhkəməyə üz tutub. O, Nəsimi rayon Məhkəməsinə “Azəri-Tikinti” MTK-nın qanunsuz əməllərindən iddia ərizəsi verib: “Nəsimi rayon məhkəməsinin 01.06 2022 ci il tarixli iş N 2(006) – 332/2022 saylı hakim Natəvan Tağıyeva əsaslı və köklü araşdırmadan sonra iddiaçının 394342 manat məbləğində vəsaiti cavabdeh “Azərtikinti” şirkətinin hesabından tutularaq iddiaçıya verilməsi barədə ədalətli qətnamə çıxarmışdır. Rayon məhkəməsi iddiaçının iddiasini təmin etsə də, son anda Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışınski Fuad Şəmsəddin oğlu “Azərtikinti” MTK-dan 3 otaqlı mənzili bonus alaraq heç bir hüquqi əsas olmadan 10.04.2023 cü il tarixdə Nəsimi rayon Məhkəməsinin ədalətli qətnaməsini ləğv edib. Vətəndaş şirkətdən mütəmadi olaraq bununla bağlı cavab tələb etdikdə isə “Azərtikinti” MTK məsələni üzərindən atır və hər bir sənədi qanunu şəkildə olan belə bir obyektin mövcüd olmasını təkzib edir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin hakimi Talışinski adıçəkilən tikinti firmasından üçotaqlı mənzil hədiyyə almaqla onların xeyrinə qanunsuz qərar çıxarıb”.
Sahibkar Prezidentdən dəstək istəyərək qeyd edib ki, Ulu Öndərin şərabçılığın inkişafı ilə bağlı verdiyi 29.01.2002-ci il tarixli 667 saylı Fərmanından ruhlanaraq Tovuzda Fransadan texniki üzüm sortları gətirərək yeni üzüm bağları salıb, şərab və konyak məhsulları istehsal edib. Bu məqsədlə Bakının Azadlıq prospekti 41-42 ünvanında (Mənim ailəmə və özümə məxsus) “Tovuz-Konyak” klubu kimi fəaliyyətə başlayıb: “Bu “Konyak Klubu” qısa zaman içərisində xaricdən gələn turistlərin də, səfirlik və diplomatik korpusların, xarici iş adamlarının yerli Nazirlik və Komitələrin ən maraq göstərdikləri bir şəbəkəyə çevrilib. Ancaq göründüyü kimi, yuxarıda adı keçən şirkət və onun adından çıxış edən Azər adlı şəxs dövlətin tapşırığı olmasını bildirərək 2 il müddətinə 20% əlavə genişləndirməsi şərti ilə evimizi eyni yerdə tikib təhvil verəcəklərini və iki il ərzində də razılaşılmış qiymətlə icarə haqqımızı ödəməyi də öhdələrinə götürəcəklərini söylədilər, tikintinin dövlət layihəsi olduğunu nəzərə alıb razılaşdıq, nəticəsi də budur… Cənab Prezident, siz həmişə sahibkarlara, vətəndaşlara dəstək olmusunuz, qanunsuzluqlara qarşı çıxmısınız. Mən inanıram ki, bu dəfə də bir sahibkarın səsinə səs verəcəksiniz”.
Yazıda adı keçən bütün tərəflərin bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq. //aktualxeber.az//