Quba sakini azyaşlı övladının müavinətinə görə iki nazirlik arasında qaldığını deyir
“Beş yaşlı qızım doğulanda belində şişkinlik vardı. Sonralar uşağın yerişində və əqli inkişafında qüsur olduğunu görüb həkimə müraciət etdik. Həkimlər onurğa beyni-fəqərə sütununun qüsuru olduğunu bildirdilər. Əməliyyat olunduqdan sonra uşağa sosial müavinət təyin olundu. Üç il ərzində aldığımız müavinət bu ilin əvvəlində dayandırılıb”.
Bunu Meydan TV-yə Qubanın Gədikqışlaq sakini Qahirə Heydər qızı İbrahimova deyir.
Valideyn bildirir ki, müavinətin yenidən bərpası üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) təkrar göndəriş (Forma-88) verilib.
Göndərişin natamam doldurulması ilə əlaqədar imtina cavabı gəlib.
Bildirilib ki, həkim rəyində diaqnoz düzgün tərtib olunmayıb. Əlavə olunub ki, əsas diaqnozun ağırlaşmalarını təsdiq edən EMQ müayinənin (Elektromioqrafiya) nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.
“Bundan sonra rayon xəstəxanasının göndərişi ilə Uşaq Nevroloji Xəstəxanasına getdim, məni qəbul etmədilər. Dedilər ki, get, üç aydan sonra gələrsən. Bu cavabdan sonra Daxili İşlər Nazirliyinin qarşısında intihara cəhd etdim. Üstümə benzin töküb, özümü yandırmaq istədim ki, övladım gözümün qabağında ölür, xəstəxana isə qəbul etmir. Polislər məni həmin xəstəxanaya apardılar. Xəstəxanada uşağı iki gün saxladılar. Sonra da bir kağız verib, yola saldılar. Yenə də cavab gəldi ki, kağız natamam doldurulub”, – deyə o bildirib.
“280 manat sosial müavinət alırdım. Həmin pulla da uşağın dava-dərmanı, müalicəsini etdirirdim. Onurğasında əyilmə var, ona güclü müalicə lazımdır”, – valideyn belə deyir.
ƏƏSMN-indən, həmçinin Uşaq Nevroloji Xəstəxanasından məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 200 manatdır. Onlara qulluq edənlərə isə 100 manat məbləğində təqaüd verilir.
Son illər Azərbaycanda əlillik və sosial müavinətlərin ləğvi ilə əlaqədar şikayətlər var.
Zaman-zaman nazirliyin kütləvi ixtisarları etirazlara səbəb olur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ixtisarları saxta pensiyaların təyin edilməsi ilə əlaqələndirmişdi.
Nazir demişdi ki, saxta əlillik və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat qənaət edilib:
“Yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunub və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənib, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib”.
ƏƏSMN-nin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyəti sədrinin müavini Seymur Alıyev isə mətbuata bildirmişdi ki, sosial müavinətlərin, əllilliyin təyini, təkrar müraciətlərlə əlaqədar imtinaların əsas səbəbi prosedura uyğunsuzluqla əlaqədardır:
“Əlilliyin verilməsi üçün prosedur var. Orada həkim protokoluna əsasən müalicənin necə aparılacağı müəyyənləşib. Bizim Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) əməkdaşları yalnız “Forma 88” vasitəsilə gələn məlumatları görür, şəxsin özünü görmür və tanımır. Ona görə də sənəddə nələrsə düzgün doldurulmayıb və düzgün qeyd edilməyibsə, hansısa məlumatlar yetmirsə, ona əlillik verilə bilməz”.
İqtisadçı Toğrul Maşallı Meydan TV-yə deyir ki, bu maneələr büdcə vəsaitinə qənaət edilməsi məqsədilə yaradılır.
Onun sözlərinə görə, ƏƏSMN 2015-ci ildən qənaət prinsipi ilə fəaliyyət göstərir:
“Qaydalar da insanlara bu və ya digər müavinət üçün müraciəti çətinləşdirmək, yaxud da məhdudlaşdırmaq istiqamətində dəyişdirilib. Maksumum məhdudlaşmanı statistikada da müşahidə edirik. Bütün müavinətlər üzrə azalma var. Əllilliyin müəyyən olunmasını Səhiyyə Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edir. Nəyə görə iki sistemin olduğu məlum deyil. Əgər uşağın tibbi cəhətdən problemləri varsa, bunu müəyyən edən səhiyyə strukturu olmalıdır. Bunu heç bir halda ƏƏSMN müəyyən etməməli, qiymətləndirməməlidir. Görünən odur ki, ƏƏSMN korrupsiya, rüşvətxorluq adı ilə bu işi üzərinə götürüb”.
“Səhiyyə Nazirliyi də ƏƏSMN-nin onun qərarını ləğv edəcəyini bildiyi üçün qərarı elə formada təqdim edir ki, doldurulan forma nəticədə uyğun olmur. Bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərf edir, nəticədə göndərişlər dalbadal ləğv edilir”, – deyə ekspert bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 10 faizini fiziki qüsurlu, əlilliyi olan insanlar təşkil edir.
Azərbaycanda rəsmi rəqəmlərə görə, əlilliyi olan şəxslərin sayı 5 faiz civarındadır.
Toğrul Maşallı bildirib ki, bu rəqəm həqiqəti əks etdirmir: “Bir neçə il öncə bu rəqəm 6 faiz civarında idi. Birinci Qarabağ müharibəsini də nəzərə alsaq, rəqəm daha yüksək olmalıdır”.
Meydan TV