"Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da".
Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov rayonun Çallı kənd sakini Əkbər Əhmədovun su probleminə görə özünü yandırmasına münasibət bildirib.
Əhliman Kərimov Abzas Media-ya deyib ki, Əhmədovun suya borcu olduğuna görə ona su verilməyib:
“Vətəndaş şikayət edib ki, su verin. Mən də işçidən soruşmuşam ki, su niyə verilməyib? Dedilər, suya borcu var, növbəlilik əsasında verilir. O da deyib ki, borcu ödəməyəcəm. Onun nəsə əsəblərində problem var, mən belə hesab edirəm. Ona deyilib ki, borcun ödəsin, sonra su veriləcək. Mən ona "get özünü yandır" deməmişəm, belə söhbət olmayıb. Bunu heç bir ağıllı adam deməz, nəyinki mən".
Ə. Kərimov əlavə edib ki, kənd sakini özünü yandıran zaman o, ərazidə olmayıb:
"Mən idarədə olmamışam. O özünü idarənin həyətində, kənarda yandırıb, kabinetdə yox. Prokurorluq bu hadisəni araşdırır, qalan məlumatları da onlardan öyrənə bilərsiniz”.
İdarə rəisi bildirib ki, ölkədə su qıtlığı var, su ancaq növbə ilə verilir.
Əkbər Əhmədovun qardaşı Süleyman Əhmədov isə idarə rəisinin dediklərinin həqiqətə uyğun olmadığını bildirib:
“Orada o qədər millət olub. Qardaşım Əhliman Kərimova deyib ki, özümü yandıracam. O da deyib ki, "özünü yandıracaqsan bura niyə gəlmisən, get yandır da". Bilmirəm suya borcu olub, ya yox. Amma suya borcu olanda su verilmir? Qardaşımın dolanışığı təkcə taxıl sahəsinin hesabına idi".
S.Əhmədov deyib ki, qardaşının vəziyyəti ağırdır, həkimlər sağalacağına zəmanət vermirlər. Onun sözlərinə görə, qardaşı 4-cü dərəcəli yanıq xəsarətləri alıb, bədənin 80%-i yanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Abzas Media-ya bildirilib ki, hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq cinayət işinin açılıb-açılmamasına qərar veriləcək.
Martın 27-də Zərdabın Çallı kənd sakini Əkbər Əhmədov 2 hektarlıq taxıl sahəsinə suyun verilmədiyinə görə Zərdan rayon Suvarma Sistemləri İdarəsinə gedib. Burada yaranan mübahisədən sonra özünü yandırıb. //Abzas Media//