Göyçay şəhəri, R.Rza küçəsi 109 ünvanında yaşayan Aşurov Əli Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin ölkə rəhbərliyinə ünvanlanan müraciətini olduğu kimi oxuculara təqdim edirik:
"Mən, Aşurov Əli Cümşüd oğlu, 2 ildən artıqdır ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzində (Göyçay Məşğulluq Mərkəzi) özünəməşğulluq proqramına qoşulmuşdum. Lakin bu vaxt ərzində “daşdan səs çıxdısa, onlardan da xəbər gəldi” deyərdim. Hansı ki, məndən xeyli sonra qeydiyyatdan keçən şəxslər istədikləri mal-qara və ya avadanlıqlarla təmin edilməkdədir. Mən isə boş ümidlərdən əl çəkərək, yenidən Göyçay Məşğulluq Mərkəzinə müraciət etdim. Bu dəfə işıq, qaz, su, yaxud da kommunal idarələrin birində işləmək istədiyimi bildirdim.
Mərkəzin Nizami adlı əməkdaşı adımı qeydiyyata saldı və mənə bildirdi ki, növbənin sənə nə vaxt çatacağı haqqında heç nə deyə bilmərəm.
Həqiqət budur ki, hər kim onlara sərf edirsə, ya da kimin arxa-dayağı varsa, tapşırılıbsa, həmin şəxslər işlə təmin olunur. Mənim kimi gündəlik 1 tikə yavan çörəyə möhtac olan, övladları uğrunda özünü daşa-kəsəyə vuran, 100 ildən qalmış köhnə və qəzalı evdə yaşayan çarəsiz insanlara gəldikdə isə, növbəni gözlə deyirlər.
Sizə bildirmək istəyirəm ki, ailəliyəm və 2 körpə övladım var. Mən gənc olanda atam vəfat edib. Öncə qeyd etdiyim kimi, yüz ildən qalmış köhnə və qəzalı evdə yaşayırıq.
Deyirlər ki, rayonda fəaliyyət göstərən dövlət idarələri və ya təşkilatlarında iş yoxdur. Göyçay Məşğulluq Mərkəzinin əməkdaşı Nizami başda olmaqla, orada hər kəs mənə saymamazlıq edir, vəziyyətimin olduqca acınacaqlı olmasına baxmayaraq, məsuliyyətsiz yanaşırlar. Gözümü açandan eşidirəm ki, “filankəslər adlarını yuxarıda qeyd etdiyim idarələrə yazdırıb, evində otura-otura havayı maaş alırlar”. Məgər mən də bu ölkənin vətəndaşı deyiləm?!
Üstəlik, onlardan fərqli olaraq əlimin zəhməti ilə qazanıb, halal yemək amacındayam.
Cənab Prezident! Siz "Dövlət hər bir vətəndaşına sahib çıxır" deyirsiniz. Xəbəriniz varmı ki, Nizami kimi məmurların laqeyd, birtərəfli, məqsədyönlü davranışları sayəsində biz vətəndaşlarda dövlətə qarşı yanlış fikirlər yaranmaqdadır. Onların ücbatından iki çıxış yolundan birini seçməyə məcburam: ya vətəndaşlıqdan imtina edərək xarici səfirliklərdən kömək istəməliyəm, ya da intihar etməliyəm. Birinci seçim dövlətimin şanına xələl gətirəcəyindən, ikinci seçimin, yəni öz canıma qıymağımın isə məni əbədi cəhənnəm əhli edəcəyindən qorxuram.
Siz məmurları təyin etdiyiniz zaman "Vətəndaşlara sahib çıxın, xalqa olan xidmətinizdə ədalət prinsipini rəhbər tutun" deyə əmr edirsiniz. Lakin bəzi vəzifəli şəxslər sanki biz kasıbların qanına, malına susayıblar, elə bil biz azərbaycanlı deyilik, ya da onlar bizdən deyillər. Ən pis olan odur ki, həmin özbaşınalıqları edən məmurlar həqiqətləri Sizdən gizlətməyə çalışırlar”.
Redaksiyadan. Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//