Axtarış...

“Məşğulluq Mərkəzi evə baxış keçirmədən imtina yazıb” - NARAZILIQ VAR!

“Məşğulluq Mərkəzi evə baxış keçirmədən imtina yazıb” - NARAZILIQ VAR!


Millitv.az “Gözətçi”yə istinadla xəbər verir ki, bunu Kürdəmir rayon Mollakənd kənd sakini Aysel Abdullayeva bildirib. Onun sözlərinə görə, 7 nəfərdən ibarət ailəsində yaşlı qayınatası və qayınanası işləmək qabiliyyətində deyil, 3 azyaşlı övladı var, həyat yoldaşı fəhləlik etməklə ailəsini dolandırır.

O, 2019-cu ilin noyabr ayında 19 saylı Kürdəmir rayon Məşğulluq Mərkəzinə işsiz kimi müraciət edib, Özünəməşğulluq proqramına qeydiyyata alınıb.

“Qeydiyyata alındıqdan sonra dəfələrlə Məşğulluq Mərkəzinə yaxınlaşıb məlumat almaq istəmişəm. Ancaq hər dəfə “tezliklə evinizdə baxış keçiriləcək” deyib göndəriblər. Sonuncu dəfə mərkəzdən dedilər sizin evə baxış keçirilib və imtina yazılıb. Evə baxış keçirilmədiyini, Məşğulluq Mərkəzinin xəbərdarlıq etmədən imtina yazdığını bildirdim. Halbuki, baxış keçirilsəydi bizim həyətyanı sahədə heyvan saxlamaq üçün hər bir şəraitin mövcud olduğunu görərdilər”.

Şikayətçinin qardaşı Vüqar Məmmədov bildirir ki, məsələ ilə bağlı Kürdəmir rayon Məşğulluq Mərkəzinin rəisi Samir Nuriyevin qəbuluna düşmək istəsə də, əməkdaşları tərəfindən ona imkan yaradılmayıb.

“Mərkəzdən imtinanın səbəbini soruşuram, deyirlər zəng etmişik, cavab verən olmayıb, ona görə imtina yazılıb. Nə İcra Hakimiyyətindən, nə də Məşğulluq Mərkəzindən bacımın evinə baxış üçün nümayəndə gəlməyib, sadəcə zəng etməklə imtina yazıblar”.

“Gözətçi” olaraq məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə sorğu göndərilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz