Hazırda Azərbaycanda təhsil sektorunda əsas icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyidir. Müstəqilliyimizin bərpasından bəri fərqli adlarla fəaliyyət göstərən nazirliyə bu günə qədər 7 fərqli məmur rəhbərlik edib.
2022-ci il iyulun 28-dən bəri nazirliyə Emin Əmrullayev rəhbərlik edir. O, daha əvvəl 2020-ci ilin iyulundan, 2022-ci ilin iyuluna qədər təhsil naziri vəzifəsini icra edib.
Emin Əmrullayevdən öncə isə 6 fərqli təhsil nazirimiz olub.
Millitv.az bildirir ki, Bizim.Media sabiq təhsil nazirlərinin indi harada olduqlarını araşdırıb.
1. Rafiq Feyzullayev
Müstəqillik dönəminin ilk təhsil naziri Rafiq Babaş oğlu Feyzullayev olub. Həmin dövrdə qurumun adı Xalq Təhsili Nazirliyi idi. R. Feyzullayev 5 fevral 1991 — 11 avqust 1992-ci illər aralığında nazir vəzifəsini icra edib. İxtisasca riyaziyyatçı olan ilk təhsil nazirimiz 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Təhsil naziri vəzifəsindən azad edildikdən sonra o, müdafiə nazirinin müavini təyin olunub. 1993-2001-ci illərdə isə AMEA prezidentinin müavini vəzifəsini icra edib.
Sabiq nazir dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
2. Firudin Cəlilov
Filologiya elmləri doktoru, türkoloq Firudin Cəlilov 1992-ci ilin fevral ayında Təhsi nazirinin müavini təyin olunub, 11 avqust 1992 — 18 may 1993-cü illərdə xalq təhsili naziri olub. O, 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilib və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. Nazir olduğu dönəmdə test üsulunun tətbiq edilməsi ilə birlikdə Azərbaycan təhsilində inqilabi dəyişikliyə imza atıb.
Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olmuş və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb. Həmin dönəmdən etibarən elmi fəaliyyətlə məşğuldur.
3. Lidiya Rəsulova
Firudin Cəlilovun vəzifəsindən azad edilməsindən sonra Xalq Təhsili Nazirliyi ləğv olundu və yerinə Təhsil Nazirliyi yaradıldı. Yeni nazirliyə isə ilk olaraq, Lidiya Rəsulova rəhbərlik edib. 1993-ci ilin 2 sentyabrında bu vəzifəyə təyin edilən L.Rəsulova 1997-ci ilin 13 sentyabrınadək nazir kreslosunda əyləşib.
2005-ci ildə Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi keçirilərkən Lidiya Rəsulova bu məqsədlə təsis olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubiley” medalı ilə təltif edilib. 2012-ci il fevralın 5-də dünyasını dəyişib.
4. Misir Mərdanov
Təhsil naziri postunda ən uzun müddət qalmış məmur olan Misir Mərdanov 1997-ci ildən 2013-cü ilədək nazir kreslosunda əyləşib. İxtisasca riyaziyyatçı olan Mərdanov təhsil naziri təyin edilməmişdən əvvəl Bakı Dövlət Universitetinin rektoru olub. Nazir vəzifəsindən azad edildikdən sonra isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Hal-hazırda da bu vəzifəni icra edir.
5. Mikayıl Cabbarov
Misir Mərdanovdan sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov 2017-ci ilin dekabrındək bu vəzifəni icra edib. Bu vəzifədən azad edildikdən sonra o, vergilər naziri təyin olunub. 2019-cu ilin oktyabrında isə İqtisadiyyat naziri təyin edilən M.Cabbarov indi də bu vəzifəni icra edir. Təhsil naziri olduğu dövrdə, universitetlərdə SABAH qruplarının, eləcə də Tələbə Kredit Fondunun yaradılması kimi mütərəqqi addımlarla yadda qalıb.
6. Ceyhun Bayramov
Ceyhun Bayramov 23 aprel 2018 — 16 iyul 2020-ci illərdə təhsil naziri olub. Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsindən sonra, həmin vəzifəyə C.Bayramov təyinat alıb. C.Bayramov hazırda Azərbaycan Respublikasının xarici işlər naziridir.