Gəncənin Müşviq Cəfərov adlı bir deputatı var. O, ilk dəfədir ki, mandat sahibidir. Əvvəl isə Gəncədə gənclər və idman idarəsinin rəisi olub. Son 3 ildə isə Müşviq Cəfərovun Milli Məclisdə eşidən olmayıb. Eləcə də onun mətbuata müsahibələrinə nadir halda rast gəlmək olar. Yəni bir sıra deputat adı çəkmək olar ki, həm parlamentdə aktivdir, həm efirlərə çıxırlar , həm mediaya cari mövzularla bağlı açıqlamalar verirlər. Amma Müşviq Cəfərov istisnadır, “lal” deputatlar cərgəsində yer alır. Lakin birdən-birə Müşviq Cəfərov “dil açıb” və açıqlamasında “Azərlotereya”nın təşkil etdiyi mərc oyunlarının iqtisadi faydalarından, qumarın biznes mühitinə, vergi ödənişlərinə dividentlərindən dəm vurub.
Deputat hətta irəli gedərək lotereya biznesinin inkişafının yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini bildirib. Onun fikrincə, sosial layihələrin təşkili üçün mənbə yaradılmasını, habelə dövlət büdcəsinə ödənilən vergilər lotereya oyunlarının olduqca güclü sosial-iqtisadi dividendlərinin olduğunu təsdiq edir.
Maraqlıdır, deputatı danışmağa nə vadar edib ? Ölkədə, dünyada maraqlı proseslər baş verir, aktual mövzular gündəmdə müzakirə edilir, heç birində Müşviq Cəfərovun rəyinə rast gəlmək olmur, amma deputat “MİSLİ “, “Poz, qazan” mərc oyunlarını, ölkədə kasıbın cibindəki son qəpiyi də əlindən alan, kütləvi şəkildə təşviq edilən qumara mədhiyyə yağdırıb. Halbuki bu qumarın kütləvi yayılması və təbliği, təşviqi heç də iş yerlərinin açılmasına xidmət etmir, əksinə, kasıb təbəqəni daha da müflis edir. Deputat isə nədənsə bu haqda tərif yağdırmağı özünə borc bilib. Hərçənd Müşviq Cəfərov ölkədə vacib olan başqa mövzularda münasibət bildirsə, daha çox cəmiyyət tərəfindən təqdir qazanar.Tribunainfo.az