Spiker Oqtay Əsədovun mayın 13-də rəsmi Bakının Avropa İttifaqı ilə saziş imzalayacağını açıqlamasını Xarici İşlər Nazirliyinin təkzib eləməsi Milli Məclisin başından ayağına qədər yenilənməsi zərurətini növbəti dəfə aktuallaşdırdı.
Parlamentin artıq fərqli spikerə və yeni tərkibə ehtiyacı olduğu son iclasdakı müzakirələrlə bir daha təsdiqləndi.
Azərbaycan hakimiyyətinə qarşı olan xarici kampaniyalara, Avropada yerləşən müxalifətçilərin çıxışlarına, hədyanlarına biznesmen kimi tanınan deputatların hansı biri canfəşanlıq edərək cavab verib? – Heç biri…
Reportyor.info-nun media üzərindən araşdırması zamanı aydın oldu ki, 2015-ci ildən bəri parlamentin aktiv deputatları istisna olmaqla, əksəriyyəti hökumətin, prezidentin əleyhinə müxtəlif dairələrin apardığı qara piar kampaniyasına, xarici təzyiqlərə qarşı hər hansı fəaliyyət göstərməyiblər.
Bu günlərdə jurnalist Eynulla Fətullayev də onlardan bir neçəsinin adlarını facebook səhifəsində yaymışdı.
Məsələn, un biznesi ilə məşğul olan Tahir Süleymanovun sonuncu dəfə nə vaxt çıxış etdiyini ictimaiyyət xatırlamır.
Xaçmazlı seçicilərin adını belə bilmədiyi Eldəniz Səlimov adlı şəxs isə sən demə 4 ildir deputat işləyirmiş. Onun parlamentdə bir təklifini, rəyini eşidən olmayıb. Spiker özü belə onu tanımır.
Qərəzli beynəlxalq təşkilatların hesabatlarına, tənqidlərinə bir dəfə də olsun deputat Kamaləddin Qafarovun reaksiyasını görməmişik. Onun da başı dərman biznesinə qarışıb.
Bəs, özünü reklam edən, Məşhəd ziyarətinə adam göndərməklə piarı ilə məşğul olan deputat Ağalar Vəliyevə nə deyirsiniz?
Onun Azərbaycana qarşı bəzi qüvvələrin təzyiqi, Qarabağ məsələsi, cəmiyyəti narahat edən problemlər, prezidentin islahatları barədə bir deputat kimi müsahibə yaxud açıqlamasını oxumusunuzmu? – Mümkün deyil.
A.Vəliyevin “Azəraqrartikinti” ASC sədri kimi nəhəng biznes imperiyası, “Kristal Abşeron” tikinti firması ilə bağlı gərgin iş qrafiki imkan vermir ki, deputatlıqla məşğul olsun, parlamentin iclaslarına qatılsın.
Biznesmenlərin siyahını eninə və uzununa çox uzatmaq olar: İqbal Məmmədov, Nəriman Əliyev, Əsabil Qasımov, Hacı Salayev, Rüstəm Xəlilov, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Mahir Aslanov, Azər Kərimli, Bəxtiyar Əliyev və s.
Bu deputatlara hökumət lazım deyil, onlara mandat lazımdır ki, bizneslərinin toxunulmazlığını təmin eləsinlər.
O halda sual yaranır ki, bu deputatlar hakimiyyətin nəyinə lazımdır? Belə Milli Məclis üzvlərinin nə seçiciyə, nə dövlətə, nə ölkənin inkişafında xidmətləri var.
Bundan əlavə, danışığını bilməyən, əhalini qıcıqlandıran, insanların heysiyyatına toxunan çıxışlarla yadda qalan deputatlar da məhz bu çağırış seçkidə oldu.
Hakimiyyətə kifayət qədər başağrısı yaratmış həmin mandat sahiblərinin səhvlərini iqtidar düzəltməli oldu.