Axtarış...

Ekologiyamızı qoruyacaq BAHALI TORBA... - QORUYACAQMI?

Ekologiyamızı qoruyacaq BAHALI TORBA... - QORUYACAQMI?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan, qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.

Xatırladaq ki, Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişlidir.

Torbaların ödənişli olması geniş müzakirələrə səbəb olub. Bəzi insanlar bildiriblər ki, marketlər alternativ pulsuz kağız, parça torba təklif etməlidirlər. Halbuki, bir neçə il öncədən bununla bağlı məlumat verilmişdi.

Bəs görəsən, dünyanın bizim kimi ölkələrində plastik torbalarla bağlı vəziyyət necədir? Analoji qərarlar plastik tullantılarla bağlı ekoloji problemlərin aradan qaldırılmasına necə təsir edir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, plastik məhsulların dövriyyəsi dünyada çox böyük ekoloji problem yaradır:

“Bu problem dünyanı maraqlandıran bir məsələdir. Plastik məhsulların dövriyyəsi dünyada çox böyük ekoloji problem yaradır, ətraf mühitə böyük ziyan vurur. Utilizasiyasını həyata keçirmək üçün çox böyük iqtisadi və maliyyə resursları tələb olunur. Bu qərarı təqdirəlayiq hesab edirəm”.

İqtisadçı qeyd edib ki, plastik torbalar pulsuz paylandığı üçün ağır nəticələrə səbəb olub:

“Marketlərdən alternativ təklif gözləmək düzgün deyil. Hər insan özü üçün çox istifadəli, yararlı kağızdan istifadə etməlidir. Nəsildən-nəslə toxunan daşınma paketlərindən istifadə edə bilərlər.

İllər öncə pulsuz paylanıldı. Ağır nəticələri oldu. Ətrafda o torbaları görürdük. İnsanlar o torbaları tullantı olaraq yolboyu küçələrə atırdılar. Pulsuz əldə etdikləri üçün israf edirdilər. Bununla da ətraf mühitə ziyan vurulurdu. Bunun utilizasiyası çox böyük maliyyə vəsaitləri tələb edir”.

E.Kərimli əlavə edib ki, torbalar daha baha qiymətə satılmalıdır:

“Hətta 3-5 qəpik yox, daha baha satılmasının tərəfdarıyam. Çünki bu, bir tərəfdən insanları qənaət etməyə sövq edir. Digər tərəfdən iqtisadiyyatımız və büdcəmiz üçün əlavə gəlir yeridir. Ödənişli olunması düzgün addımdır. Dövriyyəsini azaldacaq, daha qənaətli və düzgün formada istifadəyə təhrik edəcəkdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, torbaların qalınlığının mikronu çox olmamalıdır:

“Plastik torbaların satılması məsələsini illərdir gündəmə gətiririk. Torbalar şəffaf olmalıdır. Çünki yazıları ağır quruluşa malik materiallardan ibarətdir. Fond yaradılmalıdır. Həmin fonda əhalinin pulu toplanmalıdır. Bütün bu işlər ekologiyanın yaxşılaşdırılmasına yönəlməlidir.

Biznes qurumları hökumətin bu siyasətinə dəstək verməlidirlər. Bununla da yeni istehsal yaranmalıdır. Təəssüf ki, bu yoxdur”.

E.Hüseynovun fikrincə, insanlar birdəfəlik torbalara üz tutmalıdırlar:

“Torbaların pul ilə satılması əhalini plastiklərdən uzaqlaşdırmaq üçün ən mükəmməl addımdır. Başqa yol yoxdur. Azad İstehlakçılar Birliyi layihə üçün 500 bazar tobası hazırladı. Bez torbalara keçməli və ya bir plastik torbanı dəfələrlə istifadə etməliyik”.

Ekoloq Ənvər Əliyev isə əlavə edib ki, nazik torbalar ziyanlı hesab olunmur:

“Torbalar çox nazik olmalıdır. Nazik olanlar qorxulu deyil. Qalın torbalar problemlər yarada bilər. Emal məsələsi də var. Diqqət etmək lazımdır. Alternativ olaraq kağızdan istifadə edilməlidir”.

Ə.Əliyev sonda qeyd edib ki, bundan sonra bez parçalardan torbalar hazırlanacaq:

“Qiymət nisbidir. Onsuz əvvəllər də torbanın pulunu ödəmiş kimi idik. Çatışmazlıq var. Çıxış yolu evdən özümüzlə torba aparmaqdır”.

Oxu.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz