Lənkəranın Cil kənd sakini Heydərova Xoşbəxt Toplum TV-nin qaynar xəttinə müraciət edərək anası Heydərova Sevincin illərdir ağır şizofren xəstəsi olduğunu və pensiyasının kəsildiyini deyir. Onun sözlərinə görə, pensiyasının yenidən bərpa edilməsi üçün sənədləri toplayaraq iki dəfə müraciət edib, amma imtina cavabı alıblar:
“Anam 25 ildir xəstədir. Çox ağır vəziyyətlərə düşür. İllərdir müalicə etdiririk. Dəfələrlə Lənkəran Psixiatriya xəstəxanasında yatıb. Biz pensiya üçün bir dəfə 2015-ci ildə müraciət etdik. İmtina verildi, səbəb yenidən yatmasının vacib olması idi. 2020-2021-ci illərdə anamı xəstəxanada yatırdıq. Bu dəfə də imtina gəldi, səbəb də dərmanlarının qeydə alınmaması oldu... Dərmanları qeydə alıb 2023-cü ilin yanvar ayında təkrar müraciət etdik. Ancaq bir aydır ki, heç bir cavab ala bilməmişik. Bilmirik problemimizlə bağlı hara müraciət edək”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-yə vətəndaşın əyani müayinəyə gəlməsinin vacib olduğunu və bu haqda özlərinə məlumat verildiyini bildirdi.
X. Heydərova yaxın günlərdə anasını əyani müayinəyə aparacaqlarını deyir.
Toplum TV