“Müəllimdən məcburi şəkildə ödəniş tələb edilməsi doğru yanaşma deyil”.
Bu sözləri bəzi təhsil və dövlət müəssisələrində Türkiyədə baş verən zəlzələlərə yardım adıyla işçilərdən məcburi şəkildə ödəniş tələb edilməsini şərh edən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yardım adıyla müəllimlərdən məvacibin yığılması yolverilməzdir, yardım könüllü şəkildə edilməlidir:
“Ötən gündən sosial şəbəkələrdə Türkiyəyə yardım üçün müəllimlərdən pul yığılması ilə bağlı xəbərlər yayılır. Yəni təqdim olunan ərizə forması müəllimlərə göndərilən məcburi sənəd kimidir. Əslində yardım məsələsi könüllülük prinsipi əsasında formalaşmalıdır. Təəssüf ki, konkret olaraq bir şablon hazırlanıb və müəllimlərin əməkhaqqından çıxılması üçün onlara təqdim olunur. Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib edərək məsələnin onlara aidiyyatı olmadığını bildirir. Lakin reallıq budur ki, Nazirliyin tabeliyində olan hansısa qurum və ya təşkilatın bu addımdan xəbəri var. Onsuz da müəllimlərin hansı çətinliklərə dözdüklərini və əməkhaqqlarının məbləğini bilirik. Müəllimlər arasında müxtəlif formada Türkiyəyə yardım edənlər var. Bizim ianə kampanyamıza qoşulan çoxsaylı müəllimlər də müvafiq ödənişlər ediblər.
Azərbaycanda 160 mindən çox müəllimin çalışdığını nəzərə alsaq, hərəsinin 1 manatdan ödəniş etməsi kifayət qədər böyük büdcə formalaşdıra bilər. Yəni müəllimlərdən bu qədər məvacibin yığılması yolverilməzdir. Müəllim yardımı könüllü şəkildə etməlidir. Müəllimdən məcburi şəkildə ödəniş tələb edilməsi doğru yanaşma deyil.
AMEA, universitetlər, kolleclər və ya məktəblər olmasından asılı olmayaraq, istənilən halda yardım üçün məcburiyyət tətbiq olunmamalıdır”.
Yenicag.az