Uzun illər Laçın rayon Şamkənd uşaq musiqi məktəbinin müəlliməsi Qiymət Əhmədovaya hədə-qorxu gəlinərək vəzifəsindən kənarlaşdırılıb.
Millitv.az bildirir ki, bu barədə Qaynarinfo-ya onun həyat yoldaşı Ələsgər Qasımov məlumat verib. Ələsgər Qasımov həyat yoldaşı Qiymət Əhmədovanın 2003-cü ildən 2021-ci ilədək Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində musiqi müəlliməsi işlədiyini qeyd edib:
"Həmin məktəbin direktoru həyat yoldaşımı çağıraraq bildirib ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin yeni rəisi Qalib Həsənov səninlə bağlamış olduğum 29 sentyabr 2021-ci il tarixli 1 illik əmək müqaviləsini pozmağımı və 20 oktyabr 2021-ci il tarixdən etibarən səni işdən azad etməyimi təkid edir. Əks halda onun özünü direktorluqdan azad etməklə hədələyib. Ertəsi gün həyat yoldaşımla birgə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb bu barədə söhbət etdik. Həyat yoldaşımın müəllimlik fəaliyyətini davam etdirməsi üçün rəisin maddi marağı isə həm təəccübümüzə, həm də narazılığımıza səbəb oldu. Digər tərəfdən bizim maddi durumumuz da bu tələbi yerinə yetirməyə imkan vermirdi”.
Ələsgər Qasımov ikinci dəfə həyat yoldaşıyla 20.10.2021-ci il tarixdə Q.Həsənovun qəbulunda olublar:
"Qəbula gələcəyimizdən xəbərdar olan Q.Həsənov özünə tabe olan beş-altı nəfər işçisi və mühavizə polisi ilə bizi qəbul etdi. Biz anladıq ki, məzhəkə qabiliyyətli bu şəxsin fikri mənə və həyat yoldaşıma polis vasitəsi ilə hədə-qorxu gəlmək və saxta aktlaşdırma tətbiq etməkdir. Buna baxmayaraq, həyat yoldaşım onunla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilməsini xatırlatdı və öz işinə qaytarılmasını xahiş etdi. Bunun qarşılığında oturduğu kreslonu ata mirası hesab edən bu şəxs "bu dəqiqə səni bayıra atdıracam, dur çıx çölə” hədələri ilə həyat yoldaşımın üstünə qışqıraraq əlavə etdi ki, "məni mədəniyyət naziri Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib. 80 nəfər müəllimi işdən çıxartmışam. Sənin işdən çıxma əmrini bu gün verdirəcəyəm. Mənim heç kimdən qorxum yoxdur”.
Ələsgər Qasımov iddia edir ki, Qalib Həsənovun göstərişi ilə işdən çıxarılan 80 nəfərdən çox müəllimin dərs saatları musiqi məktəblərində işləyən müəllimlərə pul müqabilində paylanılır:
"Açıq-aydın görünür ki, burada əsas məqsəd kapital yığmaqdır. Həmin vaxt iki ay idi ki, Q.Həsənov vəzifəyə təyin olmuşdu. Vətəndaşı dinləmək əvəzinə içəridəki polisə göstəriş verdi ki, bunu at bayıra. Polis isə qeyri-etik formada həyat yoldaşımın qolundan tutub itələyə-itələyə bayıra çıxartdı. Artıq həyat yoldaşım fiziki təziqlərə məruz qaldığı üçün əsəb və ürək xəstəliyi tapıb. Çox maraqlıdır, Q.Həsənovun mədəniyyət sahəsində hansı fəaliyyəti və hansı titulları olub ki, belə bir vəzifəyə gətirilib? Macarıstanda yarıtmaaz fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılan bu şəxsin Ağcabədi Regional Mədəniyyət İdarəsində uğur qazanacağı real görünmürdü. Hərbi xidməti borcunu belə yerinə yetirməyən fərarinin dövlət qulluğunda vəzifə tutması olduqca təəccüblüdür”.
Şikayətçi yazır ki, Q.Həsənovun saxtakarlığının bir nümunəsi də həyat yoldaşı Qiymət Əhmədovanın işdən çıxarılması ilə bağlı 01.10.2021-ci il tarixli, 129 nömrəli əmrin tarixindədir:
"O, 22 oktyabr 2021-ci il tarixədək Şamkənd kənd uşaq musiqi məktəbinə dərs dediyi halda Q.Həsənov onun işdən çıxma əmrini 22 gün geri tarixə, yəni 01 oktyabr 2021-ci il tarixinə verdirib. Xatırladım ki, Q.Həsənov özünə tabe olan işçilərin çoxunu, o cümlədən xidməti maşınının sürücüsünü – 44 günlük Vətən müharibəsi qazisini də bezdirərək ərizəsini alıb işdən azad edib. Əvəzində öz yaxın qohumunu sürücü kimi işə götürüb. İdarənin polisi öz qohumu, rəisin müavini tələbə yoldaşı, idarənin baş mühasibi həmyelisi və s. - yazmaqla bizməz”.
Məktub sahibi yazır ki, Adil Kərimlinin mədəniyyət nazirinin birinci müavini təyin edilməsi və ona nazir səlahiyyətinin verilməsi bölgələrdəki mədəniyyət işçilərinini çox sevindirib:
"Ancaq Qalib Həsənov vəzifədə qalması, qanun pozuntularını davam etdirməsi üçün Adil Kərimlinin üstünə minnətçilər göndərmək üçün yollar axtarır. Bizdə olan məlumata görə, bu məqsədlə Ağcabədi rayonundan millət vəkili seçilmiş Tahir Rzayevi, Şəmkir rayon polis rəisi olan qardaşı Elnur Həsənovu və sabiq icra başçısı olan atası Şamil Həsənovu hərəkətə keçirib Q.Həsənov. Çox güman ki, yığdığı var-dövlət müqabilində öz işində qalması üçün əlindən gələni etməyə çalışacaq. İndiyədək Nazirliyə ünvanladığımız məktubların araşdırılmasını şikayət etdiyimiz Q.Həsənovun üstünə göndərirlər. Lazımı tədbir görmək əvəzinə şikayət məktublarımızın Q.Həsənova ünvanlanması onun nazirlikdəki havadarları ilə birgə dırnağarası "fəaliyyətinin" nəticəsidir. Q.Həsənovun rəhbərlik etdiyi Regional İdərədə ədalətli yoxlamalar aparılsa, ciddi maliyyə fırıldaqçılığı üzə çıxacaq”.
Ələsgər Qasımov qeyd edib ki, sabiq mədəniyyət naziri Anar Kərimov 26 may 2022-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla qəbul keçirərkən ona olanları yazılı şəkildə bildirib:
"Bundan əlavə, Qalib Həsənov digər musiqi məktəbləri ilə yanaşı Şamkənd kənd uşaq musiqi məktəbinin müəllimlərindən on min manat pul yığdırıb. Bununla bağlı heç bir tədbir görülmədi. Ətraflı araşdırılsa, Ağdam, Ağcabədi və Laçın rayon musiqi məktəblərindən hər ay külli miqdarda hesab alındığı faktlarla hər kəsə bəlli olacaq. Bunun bariz nümunəsi kimi Laçın rayon Şəlvə kənd musiqi məktəbini də göstərmək olar. 30 nəfərdən ibarət müəllim kollektivi məktəbdə Q.Həsənovun göstərişi ilə rüşvət yığılması ilə bağlı cənab Prezident İlham Əliyevə şikayət ərzəsi ilə müraciət etmələri və kollektiv şəkildə Mədəniyyət Nazirliyinə şikayət etmələri barədə məlumatlar KİV-də yayılıb. Mən və həyat yoldaşım 1 il 2 aydır ki, bütün dövlət orqanlarına, məhkəmələrə müraciət etsək də, Q.Həsənov aldığı rüşvətlər hesabına çirkin əməllərini ört-bastır etməyi asanlıqla bacarır. Haqq-ədaləti pul müqabilində tapdamaq Q.Həsənovun ustalıqla bacardığı işdir”.
Ələsgər Qasımov Mədəniyyət Nazirliyində Qalib Həsənovun yaxın adamlarının olmasına baxmayaraq, mədəniyyət naziri cənab Adil Kərimli baş vermiş nöqsanları araşdımasına və bununla bağlı müvafiq qərar verəcəyinə inanır.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət ünvanladıq. Bir həftədən çox keçsə də, vəd olunan cavabı ala bilmədik.