AZPOROMO-nun (Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) Avstriyadakı təmsilçisi Ramin Şükürov Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki 3.6 milyon avroluq biznesini idarə edir. Söhbət S.M.A.N BUSİNESS SOLUTİONS GMBH-dən gedir”.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
C.Həsənli qeyd edib ki, Ramin Şükürov Azərbaycanda müəmmalı tenderlərin də açar isimlərindəndir:
“Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Bakı Nəqliyyat Agentliyinə konsultativ xidmətlərə görə milyonlarla manatlıq tenderlər əldə edən 10-20 manatlıq şirkətlər Vyana üzərindən idarə olunur. BNA-dan iki il əvvəl 2.14 milyon manatlıq tender əldə edən “ALPİNA PARKİNG CONSULTİNG” MMC Avstriyada ALPINA PARKİNG GMBH Almaniya şirkəti ilə ortaq yaradılıb.
Şirkət Bakıda NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında hüquqi qeydiyyatdadır. Burada qeydiyyatda olan digər şirkət – ORN GROUP MMC ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 4 milyon 144 min manatlıq tender əldə edib. ORN GROUP 2004-cü ildə Bakıda, onun uzantısı ORN GMBH isə 2008-ci ildə Avstriya paytaxtında yaradılıb. ORN GMBH (https://www.orn-group.com/) Vyanada Reisnerstraße 61 ünvanında yerləşir. Əvvəllər şəxsən Ziyəddin Əliyevin özünün təsis etdiyi, sonradan oğlu Nicat Əlibəylinin idarəçiliyinə verilən S.M.A.N Business Solutions GMBH də burada fəaliyyət göstərir. Şirkətin adı təsisçilərin adlarının baş hərflərindən (Orxan, Ramin, Nicat) götürülüb. Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyli Vyanada “Kenny” restoranlar şəbəkəsinə də 25 faizlik payla şərikdir.
Vyanadakı iri şirkətlərdən olan PKE Holding AG ORN GROUP-un tərəfdaşıdır və onun hüquqi qeydiyyatda olduğu ünvanda PKE CASPİAN MMC adı ilə özünün Azərbaycandakı qolunu təsis edib. Avstriya paytaxtında “ESPRESSO MOBİL” brendi ilə yeni-yeni təşəkkül tapmağa başlamış eyni adlı şirkət də Ziyəddin Əliyevin meneceri sayəsində Azərbaycanda “ESPRESSO MOBİL AZE” MMC adı ilə NƏSİMİ RAYONU, ELDAR TAĞIZADƏ, ev 18A ünvanında qeydiyyatdan keçib.
Qubanın icra başçısının Ukraynada sahib olduğu asfalt zavodu və bu ölkəyə rəsmi investisiya şəklində yatırdığı 7 milyon avronun mənbəyi ilə bağlı indiyədək heç bir aydınlıq yoxdur”.
Tribunainfo.az