Oğuz rayonunun Tayıflı kəndinin meşələrində qanunsuz ağac qırılması ilə bağlı sosial şəbəkələrdə bir neçə video yayılıb. Qeyd olunur ki, meşədəki qiymətli ağacların soyqırımı aparılır.
Məsələni araşdırmaq və meşələrdəki vəziyyəti yerində görmək üçün əməkdaşlarımız Tayıflı kəndində olublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə kəndin meşə dolaylarında haqqında söhbət gedən kəsinti yerlərinə baş çəkiblər.
Sosial şəbəkədə Tayflı meşələrinin qanunsuz qırılması haqda müraciət edənlər elə həmin kəndin sakinləri Müğdət Dursunov və Tapdıq Şirinovdur. Kənddə olduğumuz zaman ilk olaraq hər iki sakinin mobil nömrəsinə zəng edib görüşmək istədik. Amma abonentlər əhatə dairəsində deyildilər.
Əvvəlcə Müğdət Dursunovun yaşadığı ünvana gedib qapısını döyürük, amma bildirirlər ki, ev sahibi evdə deyil.
Tapdıq Şirinovu isə ünvanında tapırıq və yayımladığı görüntü ilə bağlı həqiqəti öz dilindən eşitmək istəyirik:
“Şikayətçi tək mən deyiləm, camaatın hamısı meşədə olan qırıntıdan narahat idi. Müdirə çatdı bu xəbər, işin qarşısını aldı. Məsuliyyətsiz gözətçini işdən azad elədilər. İndi şükür, elə bir yaramazlıq yoxdu”.
Bizimlə həmin qırıntı yerinə baş çəkmək təklifimizdən isə Tapdıq Şirinov xəstə olduğu üçün imtina etdi.
Bundan sonra Ekoogiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə əlaqə yaradaraq məsələyə münasibət bildirmələrini istədik. Çox keçmədən nazirliyin 6 saylı regional ekologiya idarəsinin, həmçinin Qəbələ Regional Meşə Təsərrüfatı Birliyinin rəhbərliyi Tayıflı kəndinə gəldilər.
Beləcə, ekoloq və meşə təsərrüfatı işçiləri ilə birlikdə meşə qırıntısı aparılan əraziyə yollandıq. 6 saylı Regional Ekologiya İdarəsinin rəisi Akif Məmədovla meşəni gəzib, kəsilən ağacların nişan yerinə baxırıq. İdarə rəisi ərazidə qanunsuz qırıntı aparılmadığını, kəsilən ağacların bir il yarım bundan əvvəl rəsmən bəlləndiyini - işarələndiyini bildirdi:
“Əraziyə baxış keçirilib, dörd gün əvvəl və bu gün də baxış keçirilib, araşdırmalar davam edir. Həmin ərazilər 2022-ci ildə odun tədarükü üçün qırma sahələridir. Möhürlənmiş ağaclardır. Və həmin ağaclar kəsilərək oduncaq kimi məktəblərə, uşaq bağçalarına, hərbi hissələrə, şəhid və qazi ailələrinə göndərilir, pulları ödənmək şərti ilə. Faktiki olaraq bu ərazilərdə qanunsuz qırılma hallarına rast gəlməmişik”.
Öyrənirik ki, yaz və payız aylarında nazirliyin müvafiq idarələrinin əməkdaşları meşə dolaylarına baxış keçirir və inkişafdan dayananları qeyd edir və əhalinin ehtiyacları üçün qırım siyahısına salırlar.
“2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 37 ağac kəsilməsi üçün işarələnib. Bu ağacların da bioloji inkişafı dayanıb deyə, qeydə alınıb. Əgər biz bu ağacların tam sıradan çıxmasını gözləsək, onlar çürüyəcək və ondan sonra odun kimi də yararsız olacaq. Ona görə də ağacın inkişaf etməməsi dəqiq və vaxtında müəyyən edilməlidir. Bu isə mütəxəssis işidir, hər yoldan keçən bunu anlaya bilməz”.
Müşahidələrimiz zamanı ərazidə xeyli sayda quruyan və çürüməkdə olan yəni, bioloji inkişafdan dayanan ağaclara da təsadüf etdik.
Akif Məmmədov nəzərdən keçirdiyimiz ağacları göstərərək bildirdi ki, yaz aylarında bu sahələr kol-kosdan təmizlənəcək və yerində meşə tingləri salınaraq ərazi yenidən bərpa olunacaq.
Zəruri QEYD: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəqiqləşdirdiyimiz məlumatda bildirilir ki, sosial şəbəkədəki şikayətçilərdən biri, Tapdıq Şirinov 2020-ci ilin iyun ayına kimi sözügedən meşə dolayında gözətçi işləyib. Həmin şəxs meşədə yol verdiyi qanunsuz qırıntıya görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə meşə gözətçisi vəzifəsindən azad edilib.
Bizim.Media