Şahdağ Mulli Parkının Quba rayonu ərazisində qiymətli ağac fondumuza daxil olan ağaclar qanunsuz olaraq kəsilir. Hadisənin faktları və miqyası kifayət qədər böyükdür.
Bu barədə bir qrup Quba sakini Bizim.Media-ya məlumat verib.
Bildiriblər ki, Şahdağ Milli Parkının rayonun Suxtəkələ, Yenikənd və Amsar kəndləri ərazisində meşə maasivindəki qiymətli vələs və fıstıq ağacları amansızcasına məhv edilir.
Kəsilən ağaclar Tülər kəndində bir sakinin evinə toplanır və buradan parket üçün və yeşik sexlərinə göndərilir. Quba sakinləri odunların nömrəsi olmayan avtomaınlarla daşınması fotolarını da Bizim.Media-ya təqdim edib.
Onların sözlərinə görə, qanunsuz ağac kəsimində Quba regional meşə təsərrüfatı idarəsinin Quba meşəbəyliyinin əməkdaşları da əlbirdilər. Ağaclara qarşı terror faktından onların xəbəri var və qanunsuz kəsimə özləri şərait yaradırlar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazieloyinin Xaçmazdakı 5 saylı ekologiya və təbii sərvətlər idarəsindən münasibət öyrəndik.
Qurumdan bildirildi ki, Suxtəkələ və Yenikənd ərazisində ağacların qanunsuz kəsilib daşınması barədə bizə də məlumat daxil olub:
“Hazırda ötən gündən araşdırmaya başlamışıq. Araşdırmamız zamanı Quba meşəbəyliyi rəhbərliyinin qanunsuz qırıma şərait yaratdığı hələlik təsdiqlənməyib. Hansısa meşə təsərrüfatı əməkdaşının bu işdə günahı olduğu təsdiqlənsə, barələrində ciddi tədbir görüləcək. İdarədən o da deyildi ki, araşdırmanın nəticəsi barədə faktlar təsdiqlənsə, hüquq-mühafizə orqanlarına rəsmi məlumat veriləcək”.
Qeyd edək ki, bu yazı mart ayının 1-dən başlayaraq Qubada qeyri-qanuni ağac kəsimi ilə bağlı verdiyimiz 3-cü yazıdır.
Əvvəlki yazılarımızda Qubanın Vladimirovka kəndinə gedən su arxının yanında və Quba şəhərində “Qızbənövşə” adlanan ərazidə qanunsuz ağac qırımı ilə bağlı məlumat vermişdik. Hər iki faktla bağlı Quba şəhər bələdiyyəsində və Quba rayon rayon polis şöbəsində araşdırmalar getdiyi bildirilir.
Üçüncü yazımızda əks olunanalar isə miqyasına görə, kifayət qədər təhlükəli və mütəşəkkil hadisədir. Faktlar göz qabağında və dövlət qurumları da məlumatlıdır.
Qubada Şahdağ Milli Parkına daxil olan ərazisində toxunulmaz qiymətli ağacları kimlər qırdırır?Növbəti araşdırmaların cavabını gözləyək.
Aytəkin Alxaslı, Bizim.Media