Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasının keçiriləcəyi gözlənilir. Hurriyyet.az xəbər verir ki, bu toplantıda 2022-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə ediləcək.
Naxçıvanın Babək rayonu Cəhri kənd sakinlərinin Ali Məclisin sessiyasından bir sıra gözləntiləri var. Bu barədə onlar tərəfindən redaksiyamıza daxil olan məlumatda bildirilir:
“Görəsən, bu sessiyada 400 hektardan çox özəl pay torpağı olan, 11 min nəfər əhalini özündə birləşdirən “Kərbala düzü”ndə - Cəhri qəsəbəsində susuz qalan İmam övladlarının su probleminə baxılacaqmı?”
Sakinlər deyir ki, uzun zamandır içməli suya həsrət qalıblar: “Aylardır dəstəmaz almağa da su tapmırıq. Küçələrdə su axtaran insanların harayına səs verən olacaqmı? İndi də camaatı rahatlatmaq üçün kəndə gələn boş boru xəttini göstərib, “darıxmayın, iş gedir, su məsələsi həll olunacaq”, - deyə insanları aldadırlar. Görəsən, necə həll olunacaq? Su təminatı yoxdursa, boş borulara su hardan gələcək? Bunların, əhaliyə bir cavabı var – Allahdan!
Deyəsən, Allah-təala kəndimizin xeyriyyəçi sakinlərini höķumətdən çox istəyir. Onlar istədikləri yerdən su çıxara bilir, əhalini az da olsa içməli su ilə təmin edirlər. Hökumət isə, hər ay üçün əhalidən yığılan 5-6 min manat su pulu hesabına arteziyan quyusu vura bilmir. Belə sula ortaya çıxır: görəsən, bu illər ərzində əhalidən yığılan pullar hansı hesaba, hara keçirilib? Belə qənaətə gəlmək olar ki, bu qurumların əhalini kənddən köçürmək fikri var”.
Cəhri sakinlər deyir ki, içməli su problem ilə yanaşı, illərdir torpaq sahələrini də suvara bilmirlər: “1996-97-ci illərdə Cəhri kəndinə həyətyanı torpaq sahələrini suvarmaq üçün aşağı kanaldan nasoslar vasitəsilə yeni xətt çəkildi. 2008-ci ildən ilin 10-15 gününu kəndin həyətyanı sahələrini suvarmaq üçün istifadə edilirdi. Nəhayət, 2022-ci ildə Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin Babək rayon rəhbərliyinin özbaşınalığı nəticəsində həmin su xətləri doğranaraq, kəndə içməli su çəkmək adı ilə daşındı. Beləliklə, kənd ərazisi suvarma suyundan da məhrum edildi”.
Sakinlər haqlı olaraq sual edirlər ki, Cəhriyə içməli su çəkmək üçün dövlətin maliyyə vəsaiti yox idi ki, kəndin suvarma xətlərini doğradılar?
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. //Hurriyyet.az//