Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanda aparılan yoxlamalar zamanı Talıbovlar ailəsinə məxsus olduğu bildirilən “Gəmiqaya” və “Cahan” holdinqlərin qaçaqmalçılıqla məşğul olduğunu müəyyən edib.
Hurriyyet.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti Türkiyə hökuməti ilə əməkdaşlıq nəticəsində ortaya çıxardığı faktları açıqlayıb. Məlum olub ki, əvvəlcədən DTX tərəfindən Türkiyənin “Dilucu” gömrük orqanına sorğu göndərilib və oradan ötən il Naxçıvana daxil olan malların siyahısı alınıb. Türkiyədən keçən bu malların heç birinin Naxçıvanda qeydiyyata alınmadığı məlum olub.
Artıq xəbər verildiyi kimi, Naxçıvan Gömrük Komitəsinin sədri və müavini başda olmaqla, ümumilikdə Muxtar Respublikası Gömrük Komitəsinin on nəfərə yaxın əməkdaşı saxlanılıb. Bunların arasında Naxçıvan Dövlət Gömrük Komitəsinin və Şahtaxtı gömrük məntəqəsinin Maliyyə şöbəsinin rəisləri də var. O cümlədən, saxlanılanlar arasında AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşı Səbuhi Novruzovun da olduğu bildirilir.
Hurriyyet.az xəbər verir ki, bu həbslər fonunda Naxçıvan MR-də yüksək vəzifə tutan məmurların qanunsuz əməlləri barədə redaksiyamıza çoxsaylı faktlar daxil olub. Bunlardan biri də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovdur. Mənbənin sözlərinə görə, B.İsmayılov hər ay sahibkarlardan, xüsusən də iri şirkətlərdən külli miqdarda rüşvət toplayırmış. Bu şirkətlərdən biri Teymur Rzayevin rəhbərlik etdiyi və Naxçıvanın ən böyük ərzaq topdansatışı fəaliyyəti ilə məşğul olan "Ləzzət Qida Sənaye" MMC-dir. İddia olunur ki, Bəxtiyar İsmayılov bu şirkətdən hər ay 100 min manat alırmış.
İkinci şirkət kimi isə “Sirab MMC”-nin adı çəkilir. Mənbə iddia edir ki, bu şirkət hər ay Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə 50 min manat ödəməyə məcbur edilirmiş. Deyilənə görə, pulu hər ay şirkətin rəhbəri Teymur Rzayev şəxsən özü gətirib verirmiş.
Bundan əlavə, “Azersun” hər 10 min, Naxçıvan Pivə zavodu 20 min, yanacaq doldurma məntəqələri 50 min ödəyirmiş. Qalan müəssisələr, məsələn, çörək sexləri, dəyirmanlar, quşçuluq fabrikləri, mağazalar və s. toplamda hər ay 300 min manat rüşvət verməyə məcbur olub.
Mənbə deyir ki, Bəxtiyar İsmayılov yığılan vəsaitlərdən hər ay 50 min manat özünə götürür, qalan vəsaiti Muxtar Respublika rəhbərliyinə verirmiş.
Məlumata görə, topladığı sərvət hesabına Bəxtiyar İsmayılov “ərəb şeyxləri” kimi həyat sürür. O, təkcə Naxçıvanda deyil, Bakıda da özünə böyük binzes şəbəkəsi yaradıb. Eynilə, paytaxtda da çox sayda obyekt aldığı bildirilir. Məsələn, Xətai metrosu yaxınlığında 300 min manatlıq evi, bahalı villası var. “Hətta saxladığı xanıma da Bakıda ev, maşın alıb. Hətta bunu bilən həyat yoldaşı onu bıçaqlamışdı”, - deyə mənbə vurğulayır.
Qeyd edək ki, Bəxtiyar İsmayılov 15 il Statiska Komitəsinin rəisi olub, 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri postuna gətirilib.
Hurriyyet.az