Milli Qəhrəman və Şəhid ailələri şirkət nümayəndəsi tərəfindən incidilir və təhqir edilir. Bu barədə İmişli rayonundan göndərilən videomüraciətdə bildirilir
Əslən Kəlbəcər rayonundan olan, hazırda İmişli rayonunun Məmmədli kəndi ərazisində yerləşən Qaçqın düşərgəsində – Narınclar kəndində yaşayan Milli Qəhrəman və şəhid ailəsi, eləcə də birinci Qarabağ savaşının qazi ailəsi adından BECAN.AZ-ın internet ünvanına şikayət daxil olub. Sənədlər və videoçəkilişlər şəklində göndərilən müraciətdə “Sarıyal” kəndli-fermer təsərrüfatının direktoru, şəhid ailəsi, qazi Xaliq Xurşud oğlu İbrahimov və Milli Qəhrəman İmamverdi Barat oğlu Əliyevin qardaşı Novruz Barat oğlu Əliyev qanuni sənədlərlə istifadə etdikləri otlaq-örüş sahəsinin “GP İmişli Cotton” MMC şirkətinin əməkdaşları tərəfindən əsassız şəkildə zəbt olunduğunu iddia edirlər.
Şikayətçilərin videomüraciətində bildirilir ki, 5 qazi və 3 şəhid ailəsi 2000-ci ildə, dövlət qanunlarına uyğun olaraq, Kəlbəcər RİH başçısının müvafiq sərəncamı ilə İmişli rayonunun Məmmədli kəndi ərazisində, Kəlbəcər rayonuna məxsus otlaq-qışlaq sahəsində 200 hektar ərazi hüdudlarında “Sarıyal” kəndli-fermer təsərrüfatını yaradıblar. Və bu vaxtadək təyinatı üzrə - heyvandarlığın inkişafı məqsədilə istifadə ediblər. Şikayətçilərin sözlərinə görə, lakin 2022-ci ilin avqust ayında, “GP İmişli Cotton” MMC-nin nümayəndəsi Nicat Abdullayev Xaliq İbrahimova zəng edərək, təhqir dolu ifadələrlə, onların sözügedən ərazini boşaltmalarını istəyib. Xaliq İbrahimovun verdiyi bilgiyə əsasən, Nicat Abdullayev həmin ərazini 2016-cı ildə İmişli RİH-nin keçmiş başçısı Vilyam Hacıyevdən (Vilyam Hacıyev hazırda həbsdədir! – red.) aldıqlarını bildirib.
Daha sonra, şikayətçi qeyd edir: “Əlimizdə Sərəncam, Torpaqdan Müvəqqəti İstifadə Hüququna Dair Şəhadətnamə, Dövlət Reysrtindən Çıxarış, eləcə də vergi ödənişlərinə dair sənədlər ola-ola, Nicat Abdullayev bizi müxtəlif məmurların, “Paşa Holdinq”in, “Bandotdel”in adlarıyla hədələyərək, torpaqdan çıxmağımızı istəyir... Vilyam Hacıyev hazırda həbsdədir, cinayət əməllərinə görə məsuliyyətə cəlb olunub, amma bunlar onun adından istifadə edirlər... Torpaq uğrunda vuruşan biz, şəhid olan biz, bizi “Banotdel”lə hədələyirlər... Xahiş edirik, səsimizin aidiyyatı dövlət orqanlarına çatdırılmasında bizə kömək edəsiniz.”... Daha ətraflı, videomüraciətdə:
Qeyd: İnternet axtarışları nəticəsində əldə etdiyimiz bilgiyə əsasən, “GP İmişli Cotton” MMC şirkəti “GP Cotton Holdings” MMC-nin bir qolu olmaqla, “Gilan Holdings” MMC-nin şirkətlər qrupuna aiddir.
Xüsusi qeyd: Göndərilən elektron şikayətin tərkibində sözügedən otlaq-qışlaq səhəsinin ərazisindəki, adı “Qırmızı kitab”a salınmış yulğun ağaclarının, texnikalarla şumlanaraq, kütləvi şəkildə məhv edilməsini əks etdirən videogörüntülər də var ki, onları da saytımız vasitəsilə yaxın günlərdə aidiyyatı qurumların və oxucuların diqqətinə çatdıracağıq.
Şikayətdə adı halanan şirkətin və şəxsin mövqeyini dinləməyə hazırıq.
BECAN.AZ