Vasif Talıbov istefa ərizəsini verdikdən sonra Naxçıvanda yeni yoxlamalara start verilib.
Millitv.az-ın ovqat.com-a istinadən məlumatına görə, müfəttişlərin bu dəfəki hədəfi Naxçıvan MR Maliyyə Nazirliyi olub.
Bildirilir ki, Bakıdan gələn müfəttişlər MR Maliyyə Nazirliyinin xəzinə şöbəsinin müdiri Nurlanın fəaliyyətində ciddi nöqsanlar aşkarlayıblar.
Sabiq Maliyyə naziri, indiki Baş nazir Səbuhi Məmmədovun da işinin yaş olduğu bildirir.
Naxçıvan Muxtar Respublikasının Maliyyə nazirinin müavini İsmayılov Həsən Bayram oğlunun da fəaliyyətində ciddi yeyintilər ortaya çıxıb.
“Müəyyən olunub ki, Nazirlik əməkdaşları mağaza sahibləri ilə qabaqcadan əlbir olub onlardan nəqd pul alır və deyirmişlər ki, malların qiymətini necə istəyirsiniz rəsmiləşdirin. Biz də sizin saxta göstəricilərinizi qeydə alaq”, - mənbəmiz belə deyir.
Maraqlıdır ki, Naxçıvanda 1 aydan çoxdur, baş verən bütün həngamələrə baxmayaraq, Maliyyə Nazirliyinin xəzinədarı Nurlan adlı şəxs özünə tikdirdiyi 3 mərtəbəli villasının tikintisini dayandırmayıbmış. Görünür, o, bütün həngamələrin ondan yan keçəcəyindən əmin imiş. Amma deyəsən, “xan” kimi Nurlanın da tikdirdiyi çoxmərtəbəli villa özünə qismət olmayacaq.