"Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov Naxçıvan Dövlət Universitetinin 2 ci kurs əyani (magistratura) tələbəsidir. Özü də əlaçıdır."
Naxçıvanın əlaçı tələbə-nazir müavini
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyevin vəziyyəti yaşdır. Nazirlikdə aparılan yoxlamalar zamanı yol verdiyi qanunsuzluqların “korrupsiya” əməli olduğunu eşidib binəvanın ürəyi getmişdi. Sən demə, o boyda nazir əməllərinin “korrupsiya” olduğundan belə xəbəri yoxmuş. Amma xöşbəxtlikdən, cənab nazirin canı möhkəm imiş. İlkin tibbi müdaxilələrdən sonra özünə gələn Rafael Əliyev indi səbrsizliklə Bakıdan gələn “uzaylıların” onun barəsində verəcəkləri qərarı gözləyir. İşdir, şayət, “uzaylılar” onu indiki vəzifəyə layiq görməsələr, yaxud qoluna qandal vurub Böyükdüz əsirxanasına göndərsələr, cənab naziri təbii ki, müavini Həsən İsmayılov əvəzləyəcək.
Bəs, inanılmaz təsadüflərin üzünə güldüyü Həsən İsmayılov kimdir?
“Qara pişik”dən aldığım məlumata görə, Həsən İsmayılov indiki Baş nazir Səbuhi Məmmədovun kadrıdır. Səbuhi Məmmədov 6 fevral 2017-ci il tarixindən 2018-ci ilin 30 noyabrına qədər Naxçıvan MR Maliyyə naziri işlədiyi ilyarımlıq dövrdə Həsən İsmayılovu vəzifəyə gətirib. Daha sonra isə özü çıxıb Baş nazirin müavini vəzifəsinə gedib. 2020-ci ildə Maliyyə naziri postuna Rafael Əliyev gətirilənə qədər nazirliyə faktiki haqqında bəhs etdiyimiz Həsən İsmayılov rəhbərlik edib. Rafael Əliyevin fitvası veriləndən sonra, yəqin ki, bir müddət Naxçıvan MR-in maliyyə sistemi yenidən bizim qəhrəmanımızın ixtiyarına keçəcək.
Burda nə var ki, deməyin. Məsələ burasındadır ki, Həsən müəllim həm də tələbədir. Hazırda Naxçıvan Dövlət Universitetində Hüquqşunasliq sahəsi üzrə magistr təhsili alır. 2 ci kurs tələbəsidir. Özü də əyani oxuyur. Əyani magistrların dərs vaxtı işləməsi isə xususilə dövlət qulluğunda qadağandır.
İşlərinin çoxluğunu nəzərə alsaq, belə çıxır ki, Həsən İsmayilov əslində dərsə getmədən tələbəlik edir. Bütün bunlara baxmayaraq, Həsən müəllim elə böyük zəka sahibidir ki, dərsə getmədən belə, əlaçı tələbə adını qazana bilib. Hətta əlaçı təqaüdü alır. Təsəvvür edirsinizmi, bir adam həm nazir maaşı, həm də əlaçı təqaüdü alır. Bununla da kifayətlənmir, əlilin, kasıb-kusubun, sosial vəziyyəti ağır olan vətəndaşların təqaüdünə də tamah salır.
“Qara pişik” bu yerə çatanda necə qəzəbləndisə aslan kimi nərildəyərək dedi: “Allah tamahını kəssin, ay Həsən! Sən nə acgöz imişsən”.
Heyder Oguz
Teref.az