Axtarış...

NAZİRİN NƏZƏRİNƏ: Tonlarla xurma bağlarda məhv olur - ekspertdən SOS!

NAZİRİN NƏZƏRİNƏ: Tonlarla xurma bağlarda məhv olur - ekspertdən SOS!


Bu il xurma təsərrüfatında məhsul bol olsa da, alıcılıq qabiliyyəti çox aşağıdır. Fermerlər deyir ki, məhsul adətən xarici bazarlara daşınsa da, bu il quru sərhədlər bağlı olduğundan, tonlarla məhsul bağlarda məhv olur.

Yerli fermerlərin sözlərinə görə, ötən il bir qutu (8-9 kiloqram) xurmanın qiyməti 3-4 manat idisə, indi 1-1.50 manata alınır. Əvvəllər məhsul əsasən Rusiyaya, Ukraynaya ixrac olunurdusa, indi əsasən daxili bazarlara yönəlib.

Bəzi fermerlər isə xurmanın 10 kilosunu 30-40 qəpiyə təklif etsə də, məhsula alıcı tapılmır.

Oxşar mənzərəni aran rayonlarının hər birində müşahidə etmək olar.

Millitv.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, quru sərhədlərinin bağlı olması ümumi problem olsa da, bu, yükdaşımalara aid deyil.

O qeyd edib ki, avtomobillərlə və yaxud dəmiryolu vasitəsilə yükdaşımalarda quru sərhədlərinin bağlı olmasının ciddi bir təsiri yoxdur: “Quru sərhədlərinin bağlı olması öz avtomobilləri ilə Rusiya sərhədinə yaxın bölgələrə satış edən kiçik fermer təsərrüfatlarına təsir göstərir. Amma iri fermer təsərrüfatları məhsullarını həm avtomobillərlə, həm də vaqonlarla göndərə bilir”.

Analitik problemi təkcə Rusiya bazarından asılılıqda görür: “Rusiyada idxal həcmləri azalarsa və ya başqa bir problem çıxarsa, bu, bütün fermerlərə zəncirvari təsir göstərir. Azərbaycanın kənd təsərrüfatı ilə məşğul olan əlaqədar qurumlar alternativ bazarlara çıxış üçün imkanlar və fürsətlər tapmalı idilər. Məhsulları Qazaxıstana, Orta Asiya və ya Körfəz ölkələrinə göndərmək üçün fermerlərə dəstək olmalı idilər. Bunu beynəlxalq konfranslar təşkil etməklə, sərgilər keçirərək etmək olardı. Amma təəssüf ki, biz məhsulları əsasən Rusiya və Ukrayna bazarlarına göndəririk.

Aydın məsələdir ki, hazırda Ukraynaya ixrac xeyli dərəcədə aşağı düşüb. Rusiya bazarında isə alıcılıq qabiliyyəti aşağı düşüb və ümumiyyətlə, sərhəd keçid məntəqələrində vaxtaşırı bu ölkə tərəfdən qaynaqlanan problemlərin yaşanması fermerlərimizə ciddi təsir göstərir. Oxşar problem bu il nar sahəsində də özünü göstərir”.

Natiq Cəfərli təklif edir ki, təcili şəkildə kənd təsərrüfatı məhsullarının alternativ bazarı tapılmalıdır: “Bunun görə fermerlərə sərgilərə çıxmağa, başqa ölkələrdə tərəfdaşlar tapmağa, müqavilələr bağlamaları üçün şərait yaradılmalıdır. Amma biz ənənəvi olaraq sovet dövründə olduğu kimi, Rusiya bazarına fokuslanmışıq. Təbii ki, bu da mütəmadi ciddi problemlərə səbəb olur”.

Ekspert deyir ki, digər mövsümi meyvələrindən fərqli olaraq, xurmanı çox saxlamaq olmur: “Emal müəssisələrinin olmaması təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb. Emal müəssisələrini yaratmaq üçün investisiyalar ayrılmalıdır. Bu günə qədər bu sahəyə biznes maraq göstərməyibsə, deməli, burada da problemlər var. Bu sahəyə biznesin yatırım etməsi sərfəli olsaydı, çoxdan edərdilər. Burada hansısa bir dövlət proqramına ehtiyac var. Yaxud xarici ölkələrin təcrübəsindən yararlanaraq tərəfdaşları, o cümlədən qardaş Türkiyənin mütəxəssislərin cəlb etmək mümkündür.

Türkiyə uzun illərdir ki, qurudulmuş meyvə istehsalı və ixracatında lider ölkələrdən biridir. Onlar bu problemlə 1980-90-cı illərdə qarşılaşırdılar. Ona görə də 2000-ci illərdən başlayaraq emal olunmuş meyvənin dünya bazarlarına çıxarılması ilə bağlı ciddi infrastruktur qurdular. Bu gün quru meyvə ixracatı yaş meyvə ixracatından heç də az gəlir gətirmir. Bəzi sahələr üzrə Türkiyə bu gün liderdir. Ona görə o təcrübəni öyrənməkdə yarar var.

Təcrübəsi çox olan bu müəssisələri ölkəyə dəvət etməklə infrastruktur qurmaq, emal müəssisələri yaratmaq, qurudulmuş və yüksək keyfiyyətdə qablaşdırılan məhsulu Avropa bazarlarına çıxarmaq olar. Bu məsələ yeni yanaşma və yeni bazarlar tələb edir.

İllərdir payız aylarında nar, xurma və digər mövsümi məhsullarla bağlı eyni problemlər üzə çıxır, müzakirə olunur. Amma mövsüm bitən kimi hər şey yaddan çıxır, növbəti il yenidən eyni problemlərə qayıdırıq. Bu problemlərin köklü həllinə ehtiyac var”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz