Noyabrın 17-də Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edildi. 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışmışdı və İcra Hakimiyyətindəki “üçlük”dən (Cəlil Baxşıyev, Habil Məlkov və Əlipənah Bayramov) biri idi. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib. Əslində, leriklilərin yeni icra başçısı Əkbər Abbasovdan gözləntiləri ümumiyyətlə bütün komandanı yeniləməsi idi. Onlar düşünürlər ki, uzun illər rayonda vəzifədə çalışan korrupsioner məmurlar yeni icra başçısının dövründə də dəyişməyəcək, idarəetməyə heç bir faydalı keyfiyyət qata bilməyəcəklər. Rayon sakinləri bu addımı təqdir etsələr də, digər iki odioz məmurun hələ də vəzifədə saxlanaılmasına təəssüflənirlər. Lakin məsələ tək bu deyil. Bir neçə gün öncə mediada leriklilərin adından yayılan bir müraciətin əslində sifarişli bir yazı olduğu yazı üslubundan bəlli idi. Cəlil Baxşıyevin vəzifədən çıxarılmasından sonra birinci müavin postu uğrunda başlanmış bu savaş yazısında Habil Məlkov təriflənir, indiyə qədər ayrılan vəsaitlərə əl vurmadığı qeyd olunurdu. Halbuki uzun illərdir rayon Fövqəladə Hallar Komissiyasının sədri vəzifəsində çalışan Məlikovun rayonda heç bir faydalı iş görmədiyi, bütün sənədlərdə isə imzasının olduğu gün kimi aydındır. Əgər Əkbər Abbasov həmin sənədləri təftiş etsə, nə qədər mənimsəmə və korrupsiya faktının olduğu ortaya çıxacaq. Digər bir təbliğat kampaniyası isə “İmanovlar sülaləsi” üzərində qurulmuşdu. Lerikin “ən nüfuzlu tafyası” kimi təqdim edilən İmanovlarla bağlı yazı hava şarı kimi şişirdilmişdi. Yazıda məhz birinci müavin olmaq üçün ən ciddi kadrın rayon maliyyə idarəsinin rəisi Hafiz İmanovun olması vurğulanırdı. Leriklilər isə müraciətində əskini deyirlər, yəni indiyə qədər bu “nüfuzlu” sülalədən xəbərləri olmayıb.
Yazıda bir qeyd xüsusi diqqət çəkir: “1-ci müavinliyə əsas namizəd İmanovlar kimdir?
Yeni ildən isə Lerik ən böyük dəyişikliklər və inkişaf dövrünə qədəm qoyması gözlənilir. Rayon İcra Hakimiyyətinin birinci müavin postuna maliyyə idarəsinin müdiri Hafiz İmanovun gətirilməsi gözlənilir. O, Lerikin sayılıb-seçilən, böyük nüfuza malik olan yerli tayfalarından olan İmanovlar nəslindəndir və illərlə köhnə rejimə qarşı mübarizə aparıb”.
“Harada idi bu nüfuzlu İmanovlar indiyə qədər? Bizim niyə xəbərimiz olmayıb? Lerikdə tanınmış tayfanın təmsilçiləri İmanovlar hansı gücə malikdir ki, leriklilərin bunlardan xəbəri yoxdur? Hafiz İmanov harada mübarizə aparırdı köhnə komandaya qarşı? Cəlil Baxşıyevi görəndə qabağına qaça-qaça gedən bu adamın mübarizəsini leriklilər niyə görmürdülər?”, – deyə müraciət müəllifləri qeyd ediblər.
Etiraz edən sakinlər İmanovlarla bağlı bəzi məlumatları da təqdim ediblər. Həmin məlumatlarda bir neçə məqam diqqət çəkir:
“Hafiz İmanov Rövşən Bağırovun 14 illik icra başçısı olduğu müddətdə Rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb və rayon büdcəsini bir yerdə mənimsəyən saxtakarlardır. Hafizin bir qardaşı – Əfqan, müsiqi məktəbinin direktoru işləyəndə musiqi məktəbində küllü miqdarda mənimsəməyə yol verdiyi üçün, ona cinayət işi açıldı və Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olundu. Həmin mənimsənilmiş vəsaiti qardaşı Hafiz İmanov Maliyyə idarəsinin müdiri olanda buraxmışdı. Qardaşı Əfqanın stresdən gözləri tutuldu və indi də gözdən əlildir”. “Bu gün Hafiz İmanovun doğma qardaşı Heybət İmanov Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifə tutduğundan Lerik rayonun icra başçısı Əkbər Abbasovdan sui-istifadə edir. Çünki Əkbər Abbasovun bir qardaşı da Şamaxıda Sosial Müdafiə Şöbəsinin müdiridir. Əfqan İmanovun oğlu Əfrail İmanovu da əmisi Heybətin göstərişi ilə rayon Məşğulluq idarəsinə müdir təyin ediblər. Əkbər Abbasov vəzifəyə gələn kimi Heybətin digər qardaşı – rayon peşə məktəbinə direktor təyin etdi. Hafizin yeznəsi Ramal Məstiyev Lerik Şəhər İnzibati Ərazi Dairəsinin rəhbəridir. Hafizin əmisi oğlu Asif İnşmanov rayon su idarəsinin müdiridir. Digər bir əmisi oğlu Akif İmanov rayon su-kanalizasiyaya idarəsinin müdiridir. Bütün bunları vəzifəyə qoyan və onlara himayədarlıq edən Heybət İmanovdur. Budurmu tanınmış və nüfuzlu tayfa? Vəzifələri qəsb etmək, bir rayonu cəhənnəmə çevirmək nə zamandan hörmət və izzətlə qarşılanıb?”, – deyə sakinlər sual edirlər. (ardı var) //JAMAZ.İNFO//