Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində çalışan Əfqan Paşayev qanunsuz olaraq işdən çıxarıldığını deyir.
Əfqan Paşayev Qaynarinfo-ya ünvanladığı müraciətdə bildirir ki, 2021-ci ilin oktyabrında idarə rəisinin tapşırığı ilə onun rəhbərliyi altında qanunsuz ov edənlərə qarşı reyd keçirilib.
"Reyd zamanı qanunsuz ov edən 4 ovçunu tutduq. Onlar barəsində akt tərtib edildi. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Nəzarət və Audit İdarəsinin sektor müdiri Samir Kərimov bizimlə əlaqə saxlayaraq, ovçulardan birinin onun qohumu olduğunu bildirdi və həmin şəxsin buraxılmasını tələb etdi. Biz bu barədə idarəyə məlumat verdik. İdarədən isə bildirildi ki, heç kim buraxılmasın və tutulanların hər birinin barəsində akt tərtib edilsin. Biz də təbii ki, bu tapşırığa əməl etdik”, deyə Əfqan Paşayev yazır.
Onun sözlərinə görə, dekabr ayında Samir Kərimov onun işlədiyi idarəyə gəlib: "Gəlib mənim yazdığım sənədlərə baxdı, amma hər hansı nöqsan tapa bilmədi. Sonra bizi, idarənin müdiri Şahin Əliyev, mən və reyddə olan iki əməkdaşı çay içməyə dəvət etdi. Çay süfrəsi arxasında isə məni hədələdi ki, sözümə əməl etmədiyinə görə başına oyun açacağam”.
Əfqan Paşayev deyir ki, 2022-ci ilin fevral ayında idarəyə audit yoxlaması gəlib: "Yoxalamaya gələnlər Samir Kərimova yaxın adamlar idi. Başa düşdüm ki, bu şəxslər Samir Kərimovun göstərişini yerinə yetircəcək. Yoxlama bitdikdən sonra soruşduq ki, monitorinq işçiləri üçün hər hansı problem yoxdur ki? Cavab verdilər ki, xeyr. Bundan sonra məni və daha 3 nəfər işçini nazirliyə çağırıb öz ərizəmizlə işdən çıxmağı tələb etdilər. Dedilər ki, əks təqdirdə maddə ilə işdən çıxarılacaqsınız. Biz də təbii ki, öz ərizəmizlə işdən çıxmağa razılaşmadıq. Aprel ayında əmr gəldi və məlum oldu ki, 3 nəfər işdən çıxarılıb. Bir nəfər isə tapşırıq əsasında işində qalıb. Bizim işdən çıxarılmağımız isə guya vəzifəmizin öhdəsindən gələ bilməməyimizlə əsaslandırılıb. Bu, tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və İnsan resursları şöbəsinin müdiri Aynurə Kərimova yoxlama zamanı üzə çıxan nöqsanları ört-basdır edib. Burada bizim nöqsanlarımızdan söhbət getmir. Bəzi işçilərin nöqsanları olub. Amma nöqsanı olmayan bizlər işdən çıxarılmışıq, olanlar qalıb. Bu barədə Aynurə Kərimovaya da müraciət etmişik. Amma heç bir cavab yoxdur. Bu, Samir Kərimovun bizə qərəzinin nətəcisidir. Bizə idarədən nə tapşırılıbsa, onu da etmişik. Mən 90-a yaxın qanun pozuntusu aşkarlamışam. İdarədə qanun pozuntuları aşkarlamaq üzrə üçüncü yerdəyəm. Amma bu faktlar gizlədilib, Samir Kərimovun tapşırığı ilə qərəzli akt tərtib edib. Faktiki olaraq cənab naziri aldadıblar, saxtakarlıq ediblər”.
Qaynarinfo məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirlikdən məsələdən araşdırılacağı və məlumat veriləcəyi bildirilib.
Qaynarinfo