Axtarış...

Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR... - Burası AZƏRBAYCANDIR!

Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR... - Burası AZƏRBAYCANDIR!


Ağdaş rayon sakini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq əməkdaşı Əfqan Paşayev iddia edir ki, Nazirliyin şöbə rəislərindən birinin qohumuna qanunsuz ova görə cərimə yazdığı üçün həmin rəis tərəfindən hədələnib və işdən çıxarılıb.

Millitv.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a Ə. Paşayevin özü məlumat verib.
O iddia edir ki, sözügedən idarədə ümumiyyətlə heç bir fəaliyyət göstərmədən maaş alanlar olduğu halda, onu əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar:

“Mən 2006-cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyirdim.
2021-ci ilin oktyabr ayında idarənin sərəncamına əsasən ərazidə qanunsuz ovla bağlı mübarizə apararkən, Ucar rayonunda qanunsuz ovla məşğul olan 4 nəfəri saxladıq. Bu zaman Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Samir Kərimov, hansı ki, artıq bu vəzifəni icra etmir, bizə zəng elədi ki, “həmin şəxslərdən biri mənim qohumumdur, onu buraxın”. Biz də idarənin rəisinə dedik. İdarənin rəisi dedi ki, “yox, buraxa bilmərik, götürün gəlin, hamısını sənədləşdirin”. Biz də sənədləşdirdik, cərimə yazıldı.
Samir Kərimov dekabr ayında bizim idarəyə gəldi, sənədlərə baxdı, yoxladı. Ən çox da mənim yazdığım sənədlərə baxdı. Bir şey tapa bilmədi. Rəisi və məni çayxanaya dəvət etdi. Orada məni hədələdi ki, “gör, sənin başına nə oyun açacam. Səni mənə kim tapşırsa, indidən de, tapşırmasın”. Mən də cavab qaytarmadım.
Bu ilin fevral ayında idarəyə 2021-2022 ci il üçün audit yoxlaması gəlmişdi, işçilərin iş fəaliyyətinin yoxlanılması üçün. S. Kərimovun rəhbəri olduğu şöbənin əməkdaşı Səmədov Cəlair qərəzli yoxlama apardı və mənimlə birlikdə 3 nəfər işdən çıxarıldı. Haqqımızda tərtib olunan aktda qeyd olunmuşdu ki, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmayıb, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməyib. Halbuki tutduğu iradlarda bizim heç bir günahımız yoxdur. Çünki idarənin rəisi hansı istiqamətdə deyibsə, biz o istiqamətdə işimizi görmüşük.
Hər ilin əvvəlində bizim idarədə iş planı hazırlanır və bu istiqamətdə sərəncam verilir. İdarədə deyilənlərə uyğun iş planı hazırlanmayıbsa, bunun bizə aidiyyəti yoxdur. C. Səmədov Nazirliyə də belə məlumat verib ki, bu istiqamətdə iş getməyib və guya bunun səbəbkarı bizik. Beləcə 3 nəfəri işdən azad etdilər. Amma bizim idarədə 5-6 nəfər var ki, illərdir işə gəlmirlər. Heç bir qanun pozuntusu yazılmayıb onlara. Onların heç bir iş fəaliyyəti olmadığı halda ört-basdır edilib, adları çəkilməyib. Onu da qeyd edim ki, C. Səmədov 6 günlük yoxlama müddətində gündə 3 dəfə yeməyini bizim hesabımıza yeyib.
Aprelin 12-dən işdən azad olunmuşam. Məni Nazirliyə çağırmışdılar. Dedilər ki, iş fəaliyyətim zəifdir. Mən də bildirdim ki, idarədə ən çox akt tərtib edən 3 nəfərdən biri mənəm.
Hərçənd ki, rəisimiz S. Kərimov haqqında Nazirliyə məlumat verdi, onu vəzifəsindən uzaqlaşdırdılar. Amma bizi əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar. Bu da mənim 20 illik dövlət qulluğumun məhv olub getməsinə səbəb oldu. Buna görə mən bu əmək kitabçası ilə heç bir yerə işə girə bilmirəm”.
İddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Qurumun Hüquq və İnsan Resursları şöbəsinin müdiri Aynurə Kərimova Yeniavaz.com-a bildirdi ki, Ə. Paşayev əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi üçün İdarənin digər iki əməkdaşı ilə birlikdə işdən çıxarılıb:
"8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində keçirilən audit yoxlamasının nəticəsinə uyğun olaraq vəzifə funksiyalarını qeyri-qənaətbəxş təşkil etdiklərinə, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə idarənin aparıcı məsləhətçi-müfəttişi Əfqan Paşayev, baş məsləhətçi-müfəttişi Aqşin Qafurov, məsləhətçi-müfəttişi Ramin Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Nazirlikdən, Ə. Paşayevin yazdığı cəriməyə görə hədələnməsi, həmçinin sözügedən idarədə heç bir fəaliyyət göstərmədən əməkhaqqı alanlarla bağlı iddialarına isə cavab verilmədi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz