Axtarış...

165 ailəni “ev dustağı” etmiş dələduz nəyin qarşılığında həbsdən buraxıldı? – hakim Vüsal Tağıyev Baş Prokurora qarşı

165 ailəni “ev dustağı” etmiş dələduz nəyin qarşılığında həbsdən buraxıldı? – hakim Vüsal Tağıyev Baş Prokurora qarşı


Ötən il Prezident İlham Əliyev tərəfindən Binəqədi rayon Məhkəməsinə hakim təyin olunan Tağıyev Vüsal Adıgözəl oğlu hələ “ili çıxmamış” siftəsini femidanı zorlamaqla başladı. Dövlətin etimad göstərdiyi bu yeni hakim qanunu elə “mindi” ki, misli bərabəri yoxdur. Ona görə kimlər hüquq-məhkəmə sistemində islahatlar aparıldığına inanırsa, ya sadəlövhdür, ya da qırmızı yalanlar danışmağa bir növ adətkardır. Çünki Vüsal Tağıyev kimi hakimlərlə olsa-olsa, yalnız ədalətin, femidanın deqradasiyasının “islahatı” mümkündür.

Bəs, soruşacaqsınız ki, hakim Vüsal Tağıyev nə edib? Bax, buna “cinayətə yol verib” də söyləmək olar. Söhbət 165 ailənin, 165 talenin, yüzlərlə insanın, vətəndaşın ümidlərinin üstündən xətt çəkməkdən gedir. Söhbət onları heçə saymaq, hüquqlarını ayaqlar altına atmaqdan, qanunlara, Cinayət Məcəlləsinə tüpürməkdən gedir. Bəli, hakim məhz CM-nə tüpürdü! Özü də bir dələduza, fırıldaqçıya, illərdir vətəndaşları qapı-qapı süründürən, qapılarda qoyan, kirayələrdə yaşamağa məhkum edən, min bir əziyyətlə, borc-xərclə əldə edib mənzil sahibi olmaq istəyənləri aldadan bir tikinti mafiozuna qurban verdi. Hərçənd indiyə qədər həbs edilən heç bir tikinti firmasının rəhbəri tezliklə azadlığa buraxılmamışdı. Ölkədə onlarla MTK adı çəkmək olar ki, bura “GEN” MMC, “Muray” MMC, “Oskar” və s. Daxildir, heç birinin sahibi azadlıqda gəzmir, hərəsinə azı 10-13 il həbs cəzası verilib, üstəlik, dələduzluğa görə əfvə də düşə bilmirlər. Amma hakim Vüsal Tağıyev “ilkə” imza ataraq xalqı, haqqı pozulan, ev-eşiksiz qalan, pulu yeyilən xalqı deyil, dələduzu müdafiə etdi, ona qahmar çıxdı. Görəsən, nəyin müqabilində bu qərarı çıxardı?

Reportyor.info məlumat verir ki, söhbət “Sahil – s İnşaat” MTK-nın sahiblərindən biri olan Pənah Kərimovun ev dustaqlığına buraxılması qərarından gedir. Hakim 165 ailəni aldatmış tikinti fırıldaqçısını evə buraxıb ki, get, dincəl. V.Tağıyev yəqin ki, ürəyindən bu fikir keçdiyi üçün, yaxud qanunlara istinadə edərək bu qərarı çıxarmayıb. Onun bu məsələdə marağı olmasa, əsla Pənah Kərimovu ev dustaqlığına buraxmazdı. Maraqlıdır, Pənah Kərimov onunla sövdələşməyə necə gedib, hakimə nə qədər verib? Bu qərarı çıxaranda hakimin vicdanı heç sızıldamadımı?

165 ailəni “ev dustağı” edən bir fırıldaqçını aylar sonra həbsdən azad edib ev dustaqlığına göndər, sonra da məhkəmə zalından çıxıb öz komfort mənzilinə get, bu, heç bir əndazəyə sığışmır. Bəli, Pənah Kərimov Tale Alaverdiyevlə birlikdə bu qanunsuz hərəkətləri görmüşdülər, onlar Yeni Günəşlidə “Sahil s İnşaat” MTK olaraq bina tikməyə başlamışdılar, alıcılar da böyük ümid və sevinclə müqavilələr bağlayıb mənzil sahibi olacağı günü gözləyirdilər. Lakin 2016-cı ildən bəri gah tikinti yubanmağa başladı, gah yarımçıq saxlandı, gah vətəndaşları süründürdülər, nəhayət, məlum oldu ki, Pənah Kərimovla Tale Alaverdiyev 165 ailəyə kələk gələrək bir mənzili 3-4 adama satıbmışlar.
Bu cinayətin üstü açılandan sonra vətəndaşlar müraciətlər yazmağa, aksiyalar keçirməyə, Prezidentə, Baş Porkurorluğa məktublar göndərməyə başladılar. Onların aylarla davam edən etirazlarından sonra axır ki, cinayət işi açıldı, adıçəkilən dələduz şəxslər həbs olundular. Vətəndaşlar isə onlara dəyən zərərin ödənilməsini, məhkəmədə bu məsələlərin aydınlaşacağını gözləyirdilər, eyni zamanda, kollektiv şəkildə bir addım ataraq öz imkanları daxilində sözügedən binada yarımçıq qalan işləri yavaş-yavaş görməyə başlamışdılar. Sakinlərin ümumu fikri bundan ibarətdir ki, mənzillər düzgün bölüşdürülsün, aldadılan payçıların ev məsələsi öz aralarında həllini tapsın. Ancaq bu tərəfdən hakim Vüsal Tağıyev şirkətin əsas quldurlarından olan Pənah Kərimovu dörd divarlı hücrəyə göndərmək əvəzinə, ev dustaqlığına buraxır.
Artıq bu qərarla bağlı tikinti şirkətinin qurbanları Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlamağa hazırlaşırlar. Onlar ötən il təyin olunan hakimin bu ədalətsiz, qanunsuz qərarına etiraz bildirir, V.Tağıyevin fəaliyyətinin araşdırılmasını xahiş edirlər. Müraciətdə deyilir ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək və Pənah Kərimov haqqında çıxarılan ev dustaqlığının geri oxunması tələb olunacaq. Əgər apelyasiya qərarı qüvvədə saxlasa, Ali Məhkəməyə, ən yüksək instansiya da protesti təmin etməsə, o halda Avropa Məhkəməsinə müraciət ediləcək. Sakinlərin sözlərinə görə, Ədliyyə Nazirliyi və Ali Məhkəmə hakimlərin fəaliyyətinə diqqət yetirməli, qərarlarının obyektiv olub-olmadığını araşdırmalıdırlar. Vətəndaşlar nazir Fikrət Məmmədovdan xahiş edirlər ki, Pənah Kərimov barəsində qərarın hansı əsasla verildiyini hakim Vüsal Tağıyevdən izahatı istənilsin.
Axı dələduzluqla tutulan, 178-ci maddə ilə haqqında cinayət işi başlanmış, vətəndaşlara dəymiş zərəri ödəməmiş bir şəxs barəsində hansı arqumentlə ev dustaqlığı qərarı çıxarıla bilər? Belə görünür ki, qanun şah deyil, Pənah Kərimov “şah”dır. Əks təqdirdə hansısa maraqların qarşılığında hakim onu həbsdən evə göndərməzdi. Faktiki 165 ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır – bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır, üstəgəl, cinayət törətmiş şəxslərdən birini də azadlığa buraxırlar. O zaman hakim Baş Prokurorluğun apardığı istintaqı, cinayət işini tamamilə şübhə altına alıb, heçə endirib, bundan öncə çıxarılmış qərarları da “vozdux” hesab edərək öz bildiyini edib. İndi Baş Prokurorluq da qərardan əminliklə protest verə bilər. Çünki Pənah Kərimov haqda aparılan araşdırma nəticəsində dələduzluq əməli sübuta yetirilib, amma heç bir əsas olmadan məhkəmə onu azad edir. Sakinlər ümid edirlər ki, Prezident Administrasiyası, Baş Prokurorluq və Ədliyyə Nazirliyi bu məsələni diqqətdə saxlayacaqlar. Sakinlər PA və Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirəcəklərini də bildiriblər.

Reportyor.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz